Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy professor İsmail Erünsalın Süleymaniyə Əlyazmalar Kitabxanasına bağışladığı 525 nadir əsərdən ibarət kolleksiyanın rəqəmsal istifadəyə verildiyini bildirib.
“Tehsil365” “AZƏRTAC”a istinadən xəbər verir ki, kolleksiyada müxtəlif əsrlərə aid əlyazmalar, nadir və müəlliflərin öz xətti ilə yazdığı nümunələr, eləcə də Şeyx Qalibin 18–19 yaşlarında öz xətti ilə qələmə aldığı “Divan” əsəri yer alır.
Kolleksiyanın ən qədim nümunəsi 1523-cü ilə aid “Divan-ı Əmir Şahi”dir. Burada, həmçinin Osmanlı dövrünün iqtisadi və diplomatik tarixini əks etdirən sənədlər, qiymət dəftərləri və səfərnamələr də var.
Ersoy bildirib ki, əsərlərin rəqəmsallaşdırılması və kataloqlaşdırılması işləri təxminən iki ay ərzində tamamlanıb. Kolleksiyaya Türkiyə Əlyazmalar Əsərləri Qurumu Baş İdarəsinin internet səhifəsi vasitəsilə dünyanın hər yerindən çıxış əldə etmək mümkündür.

