“Əsas problemlərdən biri də ali məktəblər ilə özəl sektor arasında ünsiyyət və əməkdaşlığın olmamasıdır. Universitetlər IT şirkətləri və banklarla kadrların kompetensiyalarının ölçülməsi üzrə fikir mübadiləsi aparmırlar. Nəticədə ali məktəblər bazarın real tələbatından xəbərsiz qalır, kadr hazırlığı isə effektiv olmur. Bu boşluğu doldurmaq üçün gənclər məcbur qalıb böyük məbləğlər xərcləyərək özəl IT kurslarına və treninqlərə müraciət edirlər. “
Bu sözləri “Tehsil365” müsahibəsində İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bildirib.
Fərid bəy, Azərbaycanda İT sektorunun hazırki vəziyyətini necə qiymətləndirirsiniz?Son illərdə hansı əsas dəyişikliklər baş verib ?
— “ Ənənəvi olaraq Azərbaycanda yüksək texnologiyalar inkişaf edir , lakin son iki ildir ki, ali səviyyədə bu sahəyə diqqət yetirilmişdir.Bu sahə üzrə müəyyən stragediyalar qəbul edilmişdir məsələn rəqəmsal iqtisadiyyat üzrə, süni intellektin tətbiqi üzrə və rəqəmsal arxitektura və müəyyən sənədlər qəbul olunmuşdurki bu sənədlər çərçivəsində Azərbaycanda yaxın illərdə yüksək texnologiyaların inkişafı nəzərdə tutulmuşdur. Maraqlı məqamı qeyd emək istərdim ki, əvvəllər dövlət idarəetmə sistemində yüksək texnologiyanın inkişafına diqqət yetirilirdisə artıq Azərbaycanda yüksək texnologiya əsasında formalaşan iqtisadiyyatın və ənənəvi iqtisadiyyat siqmentində süni intellektin inkişafı rəqabətliliyin artırılması gündəmdədir. Bildiyimiz kimi Azərbaycanda İqtisadiyyat Nazirliyi nəzdində dövrü sənaye inqilabı inkişafı üzrə mərkəz formalaşmışdır. Mənim fikrimcə Azərbaycanın yüksək texnologiyalar sahəsində iqtisadiyyatın miqyaslaşması potensialı çox yüksəkdir. Azərbaycanda internet üzərindən tətbiq olunan proqram həlləri, məsələn, SAF kimi texnologiyalar yaradılır. Bu cür rəqəmsal həllərin Avstraliya, Braziliya və digər ölkələrdə tətbiq imkanları var. Rəqəmsal texnologiyanın unikallığı da məhz bundadır. Əgər biz müqayisə etsək, kartof və ya xiyar kimi fiziki məhsulları Avstraliyaya ixrac etmək logistika baxımından çətin və baha başa gəlir. Lakin rəqəmsal məhsullar belə məhdudiyyətlərə malik deyil. Əgər proqram təminatı ingilis dilində hazırlanırsa, onu ingilisdilli ölkələrdə daha rahat şəkildə təqdim etmək və satmaq mümkündür.”
—“ Xaricdə İT sahəsində çalışan azərbaycanlı mütəxəssislərin ölkəyə cəlb olunması üçün hansı addımlar atılmalıdır?
“Bu, kifayət qədər çətin və dərin bir məsələdir. Ölkəmizdə formalaşan proqramçılar və İT mütəxəssisləri yerli bazarda öz səviyyələrinə, maraqlarına uyğun layihələr və həllər tapmadıqları üçün xarici bazarlara ekspansiya edirlər. Aparıcı korporativ sektorda — iri banklarda, holdinqlərdə çalışan bir çox mütəxəssis müəyyən bir tavan səviyyəsinə çatdıqlarını hiss edir. Azərbaycan nisbətən kiçik bazar olduğu üçün qlobal miqyaslı layihələrə ehtiyac duyurlar.
Misal üçün, Paşa Bankda rəqəmsal məhsulların idarə olunması üzrə çalışan bir mütəxəssis xanım Böyük Britaniyanın 60–70 milyard dollar dəyərləndirməsi olan aparıcı neobanklarından birinə — "Revolut"a transfer olundu. Paşa Bank ölkə daxilində yüksək maaş və yaxşı şərait təklif etsə də, ambisiyalı mütəxəssislər üçün qlobal platformalara çıxış daha cəlbedici olur. Ölkədəki aparıcı İT şirkətlərindən biri bu prosesi idarə etmək üçün xüsusi bir sistem qurub. Onlar mütəxəssisləri sıfırdan — stajorluqdan götürüb daxili təlimlərlə yüksək səviyyəyə çatdırırlar. Şirkət bilir ki, bu kadrların müəyyən bir hissəsi təcrübə qazandıqdan sonra xaricə gedəcək. Buna görə də davamlı olaraq yeni kadrlar yetişdirən bir mexanizm yaradıblar.
Maaş fərqi də əsas amillərdəndir. ABŞ kimi ölkələrdə təcrübəli proqramçıların aylıq maaşı 10,000–15,000 dollardan başlayır. Bizim lokal bazarda bu məbləğləri kütləvi şəkildə təmin etmək çətindir. Geri qayıdanlar da az deyil. Məsələn, Almaniyada "Volkswagen Group"da işləyən proqramçının, eləcə də Kanadadan İT mütəxəssislərinin ailəvi səbəblərdən, komfortlu həyat üçün Azərbaycana geri dönməsi halları var.
Ölkəmiz təhlükəsizlik və nəqliyyat (yol) rahatlığı baxımından böyük meqapolislərdən daha üstündür. Xaricdə yüksək maaş alan mütəxəssis mənzil kirayəsi, ipoteka və digər xərclərdən sonra çox az qənaət edə bilir. Azərbaycanda isə xərclər daha az olduğu üçün yaşayış daha rahatdır. Ambisiyalı Layihələr yaradılmalıdır . Yalnız daxili bazara deyil, qlobal miqyasa çıxa biləcək layihələr başladılmalıdır. Qayıdan mütəxəssislər üçün sosial və vergi güzəştləri tətbiq olunmalıdır Bunu futbol dili ilə izah etsək, yalnız daxili çempionatda oynamaq ambisiyalı futbolçunu ölkəyə gətirməyə bəs etmir. Futbolçuya UEFA Çempionlar Liqasında 1/8, 1/4 finala qədər yüksələ biləcək bir komandada oynamaq imkanı lazımdır. Eyni məntiq İT sahəsinə də aiddir; Azərbaycan şirkətləri və qurumları global miqyasda iddialı olan layihələrə başlamalıdırlar.
Hazırda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin xarici şirkətləri və mütəxəssisləri ölkəyə cəlb etmək üçün xüsusi proqramları və 10-20 illik vergi güzəştləri var. oxşar proqramlar xaricdəki öz vətəndaşlarımız üçün də effektiv şəkildə tətbiq edilməlidir.”
Məktəblərdə və Universitetlərdə texnologiya və proqramlaşdırma təhsilinin səviyyəsini necə qiymətləndirirsiniz?
“Azərbaycanda ali təhsil müəssisələrində proqram təminatı və proqramlaşdırma üzrə tədrisin səviyyəsi bazarın tələblərindən ciddi şəkildə geri qalır. Texnologiya sektoru inanılmaz sürətlə inkişaf edən və dəyişən bir sahədir. Bu gün tətbiq olunan texnologiya cəmi bir ildən sonra öz əhəmiyyətini itirir və onu yeni həllər əvəz edir. Lakin universitetlərin tədris proqramları bu dinamikaya adekvat cavab verə bilmir.
Əsas problemlərdən biri də ali məktəblər ilə özəl sektor arasında ünsiyyət və əməkdaşlığın olmamasıdır. Universitetlər IT şirkətləri və banklarla kadrların kompetensiyalarının ölçülməsi üzrə fikir mübadiləsi aparmırlar. Nəticədə ali məktəblər bazarın real tələbatından xəbərsiz qalır, kadr hazırlığı isə effektiv olmur. Bu boşluğu doldurmaq üçün gənclər məcbur qalıb böyük məbləğlər xərcləyərək özəl IT kurslarına və treninqlərə müraciət edirlər.
Hesab edirəm ki, gənclər üçün bir platforma olmalıdır ki, şirkətlər gəncləri görə və onları qiymətləndirə bilsin .Bir misal çəkmək olar ki, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İsrail Universitetlərinin biri yaratdığı kibertəhlükəsizlik üzrə yaradılmış 6aylıq proqram var və bu proqramı bitirənlər dərhal işlə təmin olunurlar. Sual yaranır niyə?
Çünki şirkətlər bilirlərki onlar bazara uyğun hazırlanıblar. Təlim prosesindəki digər ciddi maneə müəllim heyətinin bilik səviyyəsidir. Ali məktəblərdə uzun illər dərs deyən müəllimlərin bilikləri müasir tələblərə cavab vermir və köhnəlib. Gənc və savadlı mütəxəssislər isə universitetlərdəki aşağı maaş səbəbindən tədrisə maraq göstərmirlər. Nəticədə köhnə proqramlar və köhnə metodologiya eynilə saxlanılır.
Vəziyyəti dəyişmək üçün həddindən artıq bürokratiyadan və xırda ixtisas bölünmələrindən imtina edilməli, çevik çərçivə sənədləri qəbul olunmalıdır. Yerli təhsildə sıfırdan sistem yaratmağa ehtiyac yoxdur; ABŞ, Cənubi Koreya və İsrail kimi ölkələrin qabaqcıl kadr hazırlığı təcrübəsindən istifadə edilməlidir.”

