Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasında xalqımızın qədim və zəngin el sənəti nümunələrindən biri olan kəlağayının təbliği və araşdırılmasına həsr olunmuş “Kəlağayım millidir, butalıdır, güllüdür” adlı elmi sessiya keçirilib. Tədbirdə kəlağayının milli-mədəni irsimizdəki yeri, tarixi əhəmiyyəti və qorunub saxlanılması məsələləri müzakirə olunub.
“Tehsil365”xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək kəlağayı sənətinin Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətində xüsusi yer tutduğunu vurğulayıb. Qeyd edib ki, kəlağayı xalqımızın milli-mənəvi dəyərlərini, milli kimlik kodunu, estetik zövqünü və tarixi yaddaşını özündə yaşadan mühüm mədəni irs nümunəsidir.
Akademik İsa Həbibbəyli bildirib ki, folklorçular, etnoqraflar və ədəbiyyatşünaslar kəlağayı el sənətinin tarixi ənənələrini və sənət sahəsini araşdırmalıdırlar.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə Azərbaycan kəlağayı sənətinin 2014-cü il noyabrın 26-da UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini vurğulayan akademik bu addımın xalqımızın milli-mənəvi dəyərlərinə dövlət dəstəyinin ifadəsi olduğunu nəzərə çatdırıb.
Sonra “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, “Kəlağayı ev-muzeyi”nin direktoru Güllü Eldar Tomarlı çıxış edərək kəlağayının təbliği istiqamətində həyata keçirilən layihələrdən danışıb. “Kəlağayı” ev-muzeyi”ndə Göyçə, Zəngəzur, Qazax, Ağdam və Basqala aid, yaşı 100-200 il arasında olan nadir nümunələrin nümayiş etdirildiyini söyləyən Güllü Eldar Tomarlı onların xalqımızın keçmişi və mədəniyyəti haqqında mühüm məlumatları daşıdığını vurğulayıb.
O, 2022-ci ildə “Azərbaycan kəlağayısı: minillərin yadigarı” layihəsi çərçivəsində Basqalda bu el sənətinin hazırlanma prosesinin araşdırıldığını bildirib, kəlağayıdakı buta, gül və digər naxışların Azərbaycan xalqının bədii təfəkkürünün ifadəsi olduğunu diqqətə çatdırıb.
Elmi sessiyada AMEA Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova “Azərbaycan milli-mədəni yaddaşında kəlağayının poetik ifadəsi”, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru, dosent Esmira Fuad “Azərbaycan ədəbiyyatında kəlağayının təcəssümü”, Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Könül Əsədli “Kəlağayı rənglərinin dili və simvolları” mövzularında məruzələrlə çıxış ediblər.
Daha sonra tədbir çərçivəsində təşkil olunan kəlağayı sərgisinə baxış keçirilib.

