30 oktyabr – 1 noyabr tarixlərində Bakıda "Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy" proqramı keçiriləcək.
“Tehsil365”xəbər verir ki, bu barədə "Fly to Baku" festivalının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, proqramda müasir incəsənətin müxtəlif formaları ilə yanaşı, tamaşaçını sənət prosesinin iştirakçısına çevirən performans, immersiv və interaktiv layihələr təqdim olunacaq. İnsan və təbiət münasibətləri, ekoloji məsuliyyət, yaddaş və inklüzivlik kimi mövzular araşdırılacaq.
Proqram çərçivəsində "Sotheby"s" hərrac evinin keçmiş sədri de Purinin həyatından bəhs edən "Çəkic" sənədli filmi, Qafqazın beş rəmzi heyvanına həsr olunan "Vəhşi beşlik" interaktiv ekoloji proqramı və 30 dəqiqəlik teatr tamaşası Daş Salnamə Muzeyində təqdim olunacaq. Proqrama 10 yaşdan yuxarı uşaqlar qatıla bilər.
Həmçinin Maqsud İbrahimbəyovun ev-muzeyində Konstantin Soldatovun "Bizim ev" immersiv tamaşa-meditasiyası, Müasir İncəsənət Mərkəzində "DanceAbility Azerbaijan"ın "Sərhədsiz uçuş" inklüziv layihəsi, Daş Salnamə Muzeyində Orxan Nəbizadənin "Qədim daş, müasir yaddaş" və Elvin Nəbizadənin "Məsuliyyət radiusu" əsərləri, Miniatür Muzeyində isə "Gələcəyin gəmisi" layihəsi nümayiş etdiriləcək.
Festival üçün "Fly to Baku" mobil tətbiqi istifadəyə verilib. Tətbiq Android və iOS-da əlçatandır. Qeydiyyatdan sonra profilinizdəki QR kod bütün tədbirlərə biletiniz olacaq.
Proqram Heydər Əliyev Mərkəzindən Şirvanşahlar Sarayına və Daş Salnamə Muzeyinə qədər Bakının müxtəlif mədəniyyət məkanlarını əhatə edəcək.

