Bakı Dövlət Universitetində (BDU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 7 oktyabr – Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
“Tehsil365”xəbər verir ki, tədbirin əsas məqsədi layiqli əməyin əhəmiyyəti, əmək hüquqlarının qorunması, işçilər üçün təhlükəsiz və əlverişli şəraitin yaradılması, sosial ədalət və məşğulluq məsələləri ətrafında fikir mübadiləsi aparmaq olub.
Dəyirmi masada Sosial iş kafedrasının müdiri, dosent Üzeyir Şəfiyev, Hüquq fakültəsinin dekan müavini Nərmin Həsənli, Sosial elmlər və psixologiya fakültəsinin dekan müavini Nəzakət Kərimova çıxış ediblər.
Çıxışlarda layiqli əməyin insan həyatında və cəmiyyətin sosial-iqtisadi inkişafında mühüm rolu vurğulanıb. Əmək hüquqlarının təmin olunmasının sosial rifahın əsas şərtlərindən biri olduğu qeyd edilib.
Tədbirdə əmək bazarındakı dəyişikliklər, işçilərin hüquqlarının müdafiəsi, gənclərin məşğulluğunun dəstəklənməsi və müasir əmək münasibətlərinin formalaşdırılması məsələləri də müzakirə olunub.
Qeyd edilib ki, layiqli əmək yalnız məşğulluğun təmin edilməsi ilə məhdudlaşmır. Bu anlayış təhlükəsiz və sağlam iş şəraitinin yaradılmasını, sosial müdafiəni, bərabər imkanların təmin edilməsini və əmək hüquqlarının qorunmasını da əhatə edir.
Dəyirmi masa qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

