Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.15 Dissertasiya Şurasının iclası keçirilib.
“Tehsil365”xəbər verir ki, iclasda Səadət Hümbətovanın “Polimer matrisaları əsasında metal nanokompozitlərin alınması və tədqiqi” mövzusunda dissertasiya işinin müdafiəsi olub.
Müdafiə 2304.01 – “Makromolekullar kimyası” ixtisası üzrə təşkil edilib. İşin elmi rəhbəri professor Nizami Zeynalovdur.
Dissertasiyanın rəsmi opponentləri akademik Adil Qəribov, professor Rasim Alosmanov və kimya üzrə fəlsəfə doktoru Rəsmiyyə Məmmədovadır.
Tədqiqatda sintetik və təbii polimerlər əsasında pH-a həssas gümüş və maqnetit nanohissəcikli “ağıllı” materialların sintezi araşdırılıb.
İşin əsas məqsədi alınan nanokompozitlərin daşıyıcı kimi istifadəsini və onların bioloji, elektrik keçiricilik xassələrini öyrənmək, həmçinin maqnetit və polimer əlavələrlə sementin elastikliyini və istilik paylanmasını yaxşılaşdıran tərkiblər hazırlamaq olub.

