Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Yaşıl layihə: Təbiət və memarlığın harmoniyası” layihəsinə start verilib.
“Tehsil365”xəbər verir ki, layihənin əsas məqsədi şagirdlərin ekoloji maarifləndirilməsi, tədqiqatçılıq bacarıqlarının inkişafı, istedadlı şagirdlərin aşkara çıxarılması və yaşıl şəhər mühitinin təşviqidir.
Layihə çərçivəsində məktəb həyətləri yaşıllaşdırılır, oranjereyalar, ekoloji guşələr və “Yaşıl sinif”lər yaradılır. Şagirdlər üçün tamaşalar, seminarlar, ekoloji konfranslar, dəyirmi masalar, müsabiqə və ekskursiyalar təşkil olunur.
Eyni zamanda “Təbiətdən incəsənətə” yaradıcılıq sərgiləri, “Təbii sərvətlər bizim əlimizdədir” təqdimatları, debatlar, açıq havada dərslər və “Yaşıl şəhər modeli” layihələri həyata keçirilir.
Layihə çərçivəsində sahibsiz heyvanlara qulluq, “Müstəqil Azərbaycanın təbii irsinə səyahət” ekskursiyaları və ətraf mühitin qorunmasına dair materialların hazırlanması da nəzərdə tutulur.
Sonda fərqlənən şagirdlər müxtəlif nominasiyalar üzrə təltif olunacaqlar.

