"Dayanıqlı inkişaf siyasəti" dərsliyi təqdim olunub.
“Tehsil365” xəbər verir ki, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərovun müəllifi olduğu dərslik BMT-nin Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə hazırlanıb.
Urxan Ələkbərov kitabın təqdimat mərasimində çıxışında bildirib ki, dərslik dünya üçün əsas prioritet hesab edilən davamlı inkişaf siyasəti sahəsində biliklərin qazanılması, bu biliklərə əsaslanan inklüziv cəmiyyətin təşkili və idarə edilməsi üzrə praktiki bacarıqlara yiyələnmə proseslərinə xidmət edir:
"Kitabda davamlı inkişafın yalnız iqtisadi artım deyil, eyni zamanda sosial ədalət, ekoloji məsuliyyət və demoqrafik tarazlıq prinsiplərinə əsaslanan kompleks siyasət kimi formalaşması prosesinin nəzəri və praktiki əsasları haqqında biliklər təqdim edilir".
Müəllif əlavə edib ki, dərsliyin son bölməsinə elmi əsasları işlənmiş ekoloji sivilizasiya (Ecocivil) konsepsiyasını davamlı inkişaf siyasətinin strateji məqsədi və onun təbii nəticəsi kimi əsaslandırıb.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko qeyd edib ki, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqinə sadiqdir və bu məsələdə liderlərdən biridir:
"Azərbaycanın bununla bağlı öz baxışı var. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılması çərçivəsində artıq dörd könüllü milli icmal təqdim etmiş azsaylı ölkələrdən biridir. Hazırda beşinci icmal hazırlanır. Bu olduqca müsbət göstəricidir".
AMEA-nın rəhbəri İsa Həbibbəyli həmçinin vurğulayıb ki, Azərbaycanda sənaye inqilabları haqqında tarixi məlumatlar daha çox xarici nəşrlərdən tərcümə edilmiş mətnlərdən ibarətdir:
"İlk dəfədir ki, Urxan Ələkbərovun müəllifi olduğu "Dayanıqlı inkişaf siyasəti" kitabında həmin dövrlər onun öz fikirləri ilə birlikdə dərc edilir. Bu kitab həm ali məktıb tələbələri, həm də davamlı inkişaf siyasətini öyrənmək üçün faydalı yol xəritəsidir".

