Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin qəhrəmanlarına həsr olunmuş yeni nəşr işıq üzü görüb.
“Tehsil365” xəbər verir ki, Əməkdar jurnalist Əli Nəcəfxanlının müəllifi olduğu “Zəfər yolçuları” kitabı “Xalq qəzeti”nin “kitabxanası” seriyasından çapdan çıxıb.
Nəşrdə 44 günlük Vətən müharibəsində göstərdikləri misilsiz şücaət və fədakarlığa görə ölkəmizin ən yüksək fəxri adına — “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş 44 igidin döyüş yolu, Vətən qarşısındakı müstəsna xidmətləri və qəhrəmanlıq salnaməsi əksini tapıb.
“Zəfər yolçuları” kitabı Zəfər müəlliflərinin şərəfli həyat yolunu gələcək nəsillərə çatdırmaq, onların göstərdiyi igidliyi yaddaşlara həkk etmək baxımından böyük mənəvi və tarixi əhəmiyyət kəsb edir. Nəşrin əsas məqsədi ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpası uğrunda canından keçən, döyüş meydanında dastan yazan qəhrəmanların mübarizəsini əbədiləşdirməkdir.
"Xalq qəzeti"nin direktor-baş redaktoru, Əməkdar jurnalist Əflatun Amaşovun kitaba yazdığı “Ön söz”də deyilir: "Xalq qəzeti"nin kitabxanası" seriyasından sizə təqdim etdiyimiz növbəti kitab yaddaşımıza qanla yazılan Vətən müharibəsində ən yüksək fəxri ada layiq görülən soydaşlarımıza həsr olunub. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti genişmiqyaslı hərbi təxribatları nəticəsində başlanan və 44 gün davam edən həmin müharibə Böyük Zəfərlə başa çatdı. Nankor qonşularımızın 30 il davam edən işğalçılıq siyasətinə son qoydu, milli dövlətçiliyimizin gücünü, xalqımızın iradəsini, əzmini bütün dünyaya nümayiş etdirirdi. Həm hərb, həm siyasət, həm də diplomatiya meydanında əldə edilmiş bu tarixi Qələbə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu qat-qat artırdı, Cənubi Qafqaz regionunda, bütünlükdə, dünyada yeni reallıqlar yaratdı...
Tarixə qızıl hərflərlə yazılan 44 günlük Zəfər Yürüşü zamanı fövqəladə igidlik nümunəsi göstərmiş əsgər və zabitlərimizdən 83 nəfəri "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. "Xalq qəzeti"nin daimi rubrikası olan "Zəfər yolçuları"nda davamlı olaraq həmin qəhrəmanların, şəhadətə ucalan digər soydaşlarımızın örnək həyat və döyüş yolları barədə oçerklər, məqalələr verilib və şərəfli missiyanı davam etdirməkdədir.
Bu kitabda Böyük Zəfərin 5 illiyi ilə əlaqədar Əməkdar jurnalist Əli Nəcəfxanlının "Vətən Müharibəsi Qəhrəmanı" olan ölməz igidlərimiz haqqında qısa tanıtım yazıları toplanıb”.
Kitabın redaktoru Əməkdar jurnalist Tahir Aydınoğludur.

