Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda “Gənc tədqiqatçılarımızı tanıyaq” adlı elmi seminarlar silsiləsi çərçivəsində növbəti seminar keçirilib.
“Tehsil365” xəbər verir ki, İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən seminarda “Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları” laboratoriyasının elmi işçisi, doktorant Nərgiz Rəhimli “Azot əsaslı polimerlər və metal nanohissəciklər əsasında alınmış katalitik sistemlərdə quruluş-ölçü effekti” mövzusunda təqdimatla çıxış edib.
Seminarın əvvəlində Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Günel Əzimova layihənin məqsədləri barədə məlumat verib. Bildirilib ki, layihə gənc tədqiqatçıların elmi fəaliyyətinin tanıdılması, onların arasında elmi əməkdaşlığın genişləndirilməsi, təcrübə və bilik mübadiləsinin təşviq edilməsinə xidmət edir.
Daha sonra Nərgiz Rəhimli apardığı tədqiqatın metodologiyası və əldə olunan nəticələri təqdim edib. Məruzədə polimer mühitində stabilləşdirilmiş metal nanohissəciklərin sintezi, quruluş xüsusiyyətləri və fiziki-kimyəvi xassələrinin öyrənilməsi istiqamətində aparılan tədqiqatların nəticələri diqqətə çatdırılıb.
Qeyd olunub ki, PVP, jelatin və PVP/jelatin əsaslı polimer sistemlərində nikel nanohissəciklərinin immobilizasiyası, onların quruluş və xassələri, həmçinin nanohissəciklərin ölçüsünə təsir edən əsas amillər araşdırılıb.
Tədqiqatın nəticələrində polimer daşıyıcının təbiəti və metalın miqdarının nanohissəciklərin formalaşmasına, ölçüsünə və stabilliyinə təsiri xüsusi vurğulanıb.
Seminarın sonunda tədqiqat çərçivəsində əldə olunan elmi nəticələr müzakirə edilib, iştirakçılar mövzu ətrafında fikir mübadiləsi
aparıblar. Tədbir sualların cavablandırılması və elmi müzakirələrlə başa çatıb.

