Gəncə şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 885 illik yubileyinə həsr olunmuş “Gəncənin mədəni irsinin qorunması – gənclərin gözü ilə” adlı forum təşkil edilib. Tədbirdə şəhərin tarixi-mədəni irsinin qorunmasında gənclərin rolu, milli-mədəni dəyərlərin gələcək nəsillərə ötürülməsi və Nizami Gəncəvinin zəngin irsinin təbliği ilə bağlı müzakirələr aparılıb.
“Tehsil365” xəbər verir ki,forum Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidmətinin dəstəyi, Nizami Gəncəvi Muzeyinin təşkilatçılığı ilə baş tutub. Tədbirə 100-ə yaxın gənc qatılıb.
Forumun keçirilməsində əsas məqsəd Gəncənin zəngin tarixi və mədəni irsinin gənclər arasında tanıdılması, milli-mədəni dəyərlərin qorunmasına marağın artırılması, onların gələcək nəsillərə ötürülməsində gənclərin fəallığının təşviqi, həmçinin Nizami Gəncəvinin yaradıcılıq irsinin geniş təbliği olub.
Tədbir çərçivəsində gənclərin ifasında müxtəlif rəqs nömrələri təqdim edilib. Ardınca “Gəncənin mədəni irsinin qorunmasında gənclərin rolu” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirələr zamanı şəhərin tarixi-mədəni irsinin mühafizəsi, mədəni irs nümunələrinin gələcək nəsillərə çatdırılması, bu istiqamətdə gənclərin təşəbbüslərinin dəstəklənməsi və ictimai iştirakçılığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Çıxış edənlər Gəncənin Azərbaycanın qədim mədəniyyət və şəhərsalma ənənələrinin formalaşdığı əsas mərkəzlərdən biri olduğunu vurğulayaraq, bu zəngin irsin qorunmasında gənclərin fəal iştirakının vacibliyini qeyd ediblər.
Forumun sonunda tədbirdə fəallıq göstərən gənclər mükafatlandırılıblar.

