Bakı Dövlət Universitetində (BDU) fəaliyyət göstərən “YENİ Klub”un “Zəfərin 44 sütunu” layihəsi çərçivəsində “Səngərdən başlayan yol” adlı ilk hərbi-vətənpərvərlik görüşü keçirilib.
“Tehsil365 “xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Klubun İdarə Heyətinin üzvü Sevinc Mirzəyevanın moderatorluğu ilə keçən görüşdə Vətən müharibəsində qazanılan tarixi Zəfərin gənc nəslə canlı faktlarla çatdırılmasının vacibliyi vurğulanıb.
Görüşdə Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik tərbiyəsi sektorunun müdiri Coşqun Hidayətov, Birinci Qarabağ və Vətən müharibələri iştirakçıları polkovnik-leytenant Mayis Mirzəyev və İTV-nin əməkdaşı, telejurnalist İlham Tumas çıxış edərək döyüş xatirələrini və cəbhə reallıqlarını tələbələrlə bölüşüb. Qonaqlar vətənpərvərlik ruhunun sadəcə sözdə deyil, əməldə və milli dəyərlərə sədaqətdə təcəssüm etdiyini bildiriblər.
Tədbirdə 9-cu “Muğam” Televiziya Müsabiqəsinin finalçısı, 2025-ci il üzrə “İlin Gənci” mükafatçısı Yusif Cəfərbəyli, xanəndə Kənan Bəşirli, Azərbaycan Milli Konservatoriyasının tələbələri Rəsul Hacızadə və Mahir Quliyev vətənpərvərlik ruhunda musiqi nömrələri təqdim ediblər.
İnteraktiv formatda davam edən görüşdə 44 günlük Vətən müharibəsi, hərbi və informasiya cəbhəsindəki mübarizə və gənclərin milli-mənəvi inkişafı ətrafında müzakirə aparılıb, tələbələrin sualları cavablandırılıb.
Sonda “YENİ Klub”un sədri Asif Əliyev çıxış edərək gənclərin vətənpərvər ruhda yetişməsinin dövlətin gələcəyi üçün mühüm sütun olduğunu qeyd edib.

