Naxçıvan Dövlət Universitetində Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənc Könüllülər” İctimai Birliyinin tərəfdaşlığı ilə Gənclərin Süni İntellekt Forumu keçirilib.
“Tehsil365 “xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Forumda çıxış edən NDU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov bildirib ki, rəqəmsal texnologiyaların və süni intellektin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. O qeyd edib ki, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” çərçivəsində ixtisaslı kadr hazırlığı və gənclərin bu sahədə bilik və bacarıqlarının artırılması əsas hədəflərdəndir. Prorektor həmçinin NDU ilə Milli Süni İntellekt Mərkəzi arasında imzalanmış əməkdaşlıq memorandumunun gənclərin inkişafına və birgə layihələrin icrasına imkan yaratdığını vurğulayıb.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev forumun əhəmiyyətindən və gənclər üçün yaradılan imkanlardan danışıb.
Naxçıvanda ilk dəfə keçirilən forumun məqsədi gənclərin süni intellekt üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, texnologiyaların peşə və karyera seçimlərinə təsirini müzakirə etmək və onları dəyişən əmək bazarının tələblərinə hazırlamaqdır.
Tədbir çərçivəsində “Süni intellektin inkişafı fonunda dəyişən peşələr və gənclərin karyera seçimlərinə təsiri” mövzusunda panel müzakirəsi keçirilib, əmək bazarındakı dəyişikliklər və yeni peşələr müzakirə olunub. Forumda həmçinin Milli Süni İntellekt Mərkəzinin marketinq mütəxəssisi Qismət Abdullanın təqdimatında “Agentic AI və onun real həyatda tətbiqi” mövzusunda vörkşop təşkil edilib.

