7 oktyabr 2026-cı il tarixində Sumqayıt Dövlət Universitetinin tabeliyində fəaliyyət göstərən Polimer Materialları İnstitutunda “Tədqiqatdan istehsalata” mövzusunda dəyirmi masa keçirilib.
“Tehsil365 “xəbər verir ki, tədbirin əsas məqsədi elmi-tədqiqat potensialının sənayenin tələbatları ilə əlaqələndirilməsi, tətbiqyönümlü tədqiqatların genişləndirilməsi və elmi nəticələrin istehsalata transferinin təşviq edilməsi olub.
Dəyirmi masada SDU-nun rektoru, professor Nurəli Yusifbəyli, Polimer Materialları İnstitutunun direktoru professor Fariz Əmirli, “Azərikimya” İB Etilen-Polietilen zavodunun direktoru Teymur Axundov, “SOCAR Karbamid” zavodunun biznesə dəstək üzrə meneceri Gülgəz Vəliyeva, “METAK” MMC, “Polymart” MMC, “Tekoplast” və digər sənaye müəssisələrinin rəhbər və mütəxəssisləri iştirak ediblər. Eyni zamanda “Fin-Plast International” MMC, “SOCAR Polymer” MMC, “El-Plastik” MMC, “STP Polymer” MMC, “SOBSAN BOYA”, “CMT Group” MMC və “FAB Boya və Kimya Sənayesi” MMC-nin nümayəndələri də tədbirdə təmsil olunublar.
Tədbirdə çıxış edən rektor Nurəli Yusifbəyli universitetin elmi-tədqiqat fəaliyyətinin istehsalatın real ehtiyacları ilə uzlaşdırılmasının və universitet–sənaye əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüş zamanı sənaye müəssisələrinin aktual texnoloji ehtiyacları, polimer və yeni materialların hazırlanması, yaşıl kimya və bərpa olunan enerji texnologiyalarının tətbiqi, elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırılması və texnologiya transferi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrin yekununda elm və istehsalat arasında əlaqələrin sistemli şəkildə genişləndirilməsi, tətbiqi tədqiqatların təşviqi və birgə layihələrin həyata keçirilməsinin vacibliyi qeyd olunub.

