Sumqayıt Dövlət Universitetində (SDU) “AZROKSAN” MMC-nin nümayəndələri ilə görüş keçirilib.
“Tehsil365 “xəbər verir ki, görüşdə SDU-nun rektoru, professor Nurəli Yusifbəyli, “AZROKSAN” MMC-nin icraçı direktoru Mehmet Ali Tahancalio və hər iki qurumun nümayəndələri iştirak ediblər.
Rektor Nurəli Yusifbəyli müasir ali təhsil modelində universitet-sənaye tərəfdaşlığının xüsusi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, müasir əmək bazarının tələbləri ali təhsil müəssisələrindən nəzəri hazırlıqla yanaşı, praktiki kompetensiyalara malik, istehsalat proseslərini bilən və innovativ yanaşmaları tətbiq edə bilən mütəxəssislərin hazırlanmasını tələb edir.
“AZROKSAN” MMC-nin icraçı direktoru Mehmet Ali Tahancalio şirkətin fəaliyyət istiqamətləri və inkişaf perspektivləri barədə məlumat verərək, SDU ilə uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığın qurulmasında maraqlı olduqlarını bildirib.
Görüş çərçivəsində SDU ilə “AZROKSAN” MMC arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi rektor Nurəli Yusifbəyli və icraçı direktor Mehmet Ali Tahancalio imzalayıblar.
Memorandum təcrübə və ekspert mübadiləsi, birgə təhsil və inkişaf təşəbbüslərinin həyata keçirilməsi, tələbələrin müəssisənin fəaliyyət istiqamətləri üzrə praktiki təcrübə qazanması və birgə tədbirlərin təşkilini nəzərdə tutur.

