Azərbaycanlı məktəbli Yasmın Fətiyeva John Locke Institute Global Essay Prize 2026 beynəlxalq akademik esse müsabiqəsində "Tarix" kateqoriyası üzrə birinci yeri tutub.
"Tehsil365” xəbər verir ki, o, müsabiqənin keçirildiyi müddət ərzində birinci yerə layiq görülən ilk azərbaycanlı məktəbli olub.
Mükafat oktyabrın 3-də Londonda illik mükafatlandırma mərasimində təqdim edilib.
Təşkilatçıların məlumatına görə, 2026-cı ildə müsabiqədə 191 milləti təmsil edən 100 mindən çox məktəbli iştirak edib.
Xatırladaq ki, John Locke Global Essay Prize beynəlxalq akademik esse müsabiqəsidir. İştirakçılara standart məktəb proqramının hüdudlarından kənara çıxan mürəkkəb məsələləri araşdırmaq, müstəqil düşüncə nümayiş etdirmək, dərin təhlil aparmaq və öz mövqelərini arqumentlərlə əsaslandırmaq təklif olunur.
İşləri Oksford, Kembric, Harvard, Prinston və Stenford da daxil olmaqla aparıcı universitetlərin akademik ekspertlərinin iştirak etdiyi münsiflər heyəti qiymətləndirir.

