Lənkəran Dövlət Universitetində (LDU) müasir aqrar elminin və ekologiyanın ən aktual prioritetlərini əhatə edən “Müasir dövrdə aqroekologiya: Aqrar-qida, biologiya elmləri kontekstində ekoloji təmiz kənd təsərrüfatı məhsulları” mövzusunda Respublika elmi-praktiki konfrans keçirilib. Konfrans həm əyani (oflayn), həm də məsafədən (onlayn) qoşulma imkanı yaradılmaqla hibrid formatda təşkil olunub.
“Tehsil365” xəbər verir ki, konfransın rəsmi açılış mərasimindən öncə iştirakçılar tərəfindən Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin plenar iclasını giriş sözü ilə açan LDU-nun rektoru, professor Natiq İbrahimov qonaqları salamlayaraq konfransın müzakirəyə çıxardığı mövzuların qlobal olduğunu deyib və regional baxımdan mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Rektor öz çıxışında Lənkəran Dövlət Universitetinin imza atdığı innovativ yeniliklərdən, elmi-tədqiqat sahəsində qazanılmış mühüm nailiyyətlərdən bəhs edib, konfransın işinə uğurlar arzu edib.
Plenar iclasda Aqrar və mühəndislik fakültəsinin dekanı, dosent Balayar Şahbazov “Orqanik kənd təsərrüfatı davamlı inkişaf konsepsiyasının tərkib hissəsidir”, Fizika, kimya və biologiya kafedrasının müdiri, professor Vidadi Orucov “İqlim dəyişiklikləri şəraitində Lənkəran-Astara iqtisadi rayonunda dayanıqlı aqroekoloji sistemlərin formalaşmasında fiziki iqlim amillərinin təsiri”, Texnologiya və texniki elmlər kafedrasının müdiri, dosent Rəşad Əliyev “Qida çatışmazlığının həlli yolları” mövzularında məruzə ediblər.
Plenar hissədən sonra konfrans öz işini iki bölmədə davam etdirib. Respublikanın 20-dən çox aparıcı ali təhsil müəssisəsi və nüfuzlu elmi-tədqiqat təşkilatının nümayəndələrinin qatıldığı bölmə iclaslarında ümumilikdə 100-ə yaxın elmi tezis dinlənilib.
Konfransın yekun materiallarının toplu şəklində dərc edilməsi qərara alınıb.

