Oktyabrın 19-da Ankarada Azərbaycanın dahi şairi və Türk dünyasının böyük mütəfəkkiri İmadəddin Nəsiminin həyat və yaradıcılığına, fəlsəfi düşüncələrinə və ədəbi irsinə həsr olunmuş Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək.
“Tehsil365” xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türk Kültürü Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək simpozium Türk dünyasının ortaq dil, ədəbiyyat və mədəniyyət irsinin elmi müstəvidə araşdırılması və təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
Ankarada Türk Kültürü Araşdırmaları İnstitutunda təşkil olunacaq beynəlxalq elmi tədbir 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilir. Türk xalqlarının dillərinin, ədəbiyyatlarının və mədəni irsinin öyrənilməsi tarixində mühüm yer tutan bu tarixi toplantının yüzilliyi çərçivəsində Nəsimi irsinin elmi müzakirəyə çıxarılması ortaq türkoloji tədqiqat ənənəsinin davam etdirilməsi baxımından xüsusi məna daşıyır.
Azərbaycan və Türkiyədən ədəbiyyatşünas-alimlərin, Nəsimi irsinin tədqiqatçılarının və digər elm nümayəndələrinin iştirak edəcəyi simpoziumda dahi şairin həyatı və yaradıcılığı, poeziyasının irfani-fəlsəfi məzmunu, Türk düşüncəsi tarixindəki yeri, dil xüsusiyyətləri, divanlarının nəşri və ədəbi irsinin müxtəlif aspektləri müzakirə olunacaq. Elmi məruzələrdə Nəsiminin yaradıcılığı müxtəlif tədqiqat istiqamətləri üzrə təhlil ediləcək, onun Azərbaycan ədəbiyyatının və bütövlükdə Türk dünyasının ədəbi-fəlsəfi fikir tarixinin inkişafına verdiyi töhfələr diqqətə çatdırılacaq.
Simpozium çərçivəsində Birinci Bakı Türkoloji Qurultayının tarixi əhəmiyyəti, türkoloji araşdırmaların inkişafında rolu və Türk dünyasının ortaq dil və mədəniyyət irsinin öyrənilməsinə təsiri də diqqət mərkəzində olacaq.
Dahi Nəsiminin zəngin düşüncə dünyasının və ədəbi irsinin elmi baxımdan dərindən araşdırılmasına töhfə verəcək simpozium, eyni zamanda, Birinci Türkoloji Qurultayın 100 illiyi kontekstində Türk dünyasının ortaq dil, ədəbiyyat və mədəniyyət irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

