Varşavada UNESCO-nun Dünya İrsi siyahısına daxil olan Köhnə Şəhərdə yerləşən Paytaxt Mədəni Təhsil Mərkəzinin “Brzozowa” qalereyasında Polşada çalışan həmyerlimiz, multidisiplinar rəssam Həmid İbadullayevin “Sükut” adlı rəsm sərgisi və 2025-ci ildə ərsəyə gətirdiyi “Narıncı çərçivələr” (Orange Frames) eksperimental filminin nümayişi baş tutub.
“Tehsil365” xəbər verir ki, Bu barədə “AZƏRTAC”a Azərbaycanın Polşadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, iki mədəniyyət arasında körpü yaradan tədbirdə yerli incəsənət nümayəndələri, Varşava sakinləri, Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşları və diaspor təmsilçiləri iştirak ediblər. Nümayiş olunan rəsm əsərləri və ssenari müəllifi, rejissoru və bəstəkarı Həmid İbadullayev olan film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin açılışında çıxış edən Mərkəzin direktoru Tomaş Daşçuk və kurator İoanna Labenska bu layihənin Varşavanın mədəni həyatına dəyərli töhfə verdiyini, həmçinin Azərbaycan-Polşa mədəniyyətlərarası dialoqunun inkişafında mühüm rol oynadığını vurğulayıblar.
Qeyd edək ki, əslən Bakıdan olan 46 yaşlı Həmid İbadullayev 2005-ci ildən Polşada fəaliyyət göstərir. O, Bakıda və Varşavadakı Kino və Televiziya Akademiyasında təhsil alıb. Onun yaradıcılığı əsasən müasir rəngkarlığa yönəlib. O, özünəməxsus quruluşa və zəngin fakturaya malik ekspressiv abstrakt əsərlər yaradır. Bununla yanaşı, rəssam musiqi və kino layihələri üzərində də işləyir. Səs və ritmlə işləmək təcrübəsi onun rəngkarlıq dilinə təsir göstərir. Belə ki, onun kompozisiyaları musiqi strukturları kimi qurulur - çoxqatlı, dinamik və hiss edilən bir ritmə malik.
Rəssam Polşada və xaricdə çoxsaylı fərdi və qrup sərgilərində iştirak edib. Onun yaradıcılığı Şərq ilə Qərb, ənənə ilə eksperiment arasında bir dialoq təşkil edir.

