Azərbaycan aşıq sənətinin tarixi qaynaqları, ozan-aşıq ənənəsinin inkişafı və Borçalı aşıq mühitinin digər regional sənət ocaqları ilə əlaqələri müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır.
“Tehsil365” xəbər verir ki, bu barədə AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev bu barədə “AZƏRTAC” -a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Borçalı aşıq mühiti təcrid olunmuş ənənə kimi deyil, Gəncəbasar, Urmiya, Qars və digər aşıq arealları ilə tarixi-mədəni əlaqələr şəraitində formalaşmış sənət sistemi kimi öyrənilməlidir. Bu yanaşma həm sənətkarların fərdi yaradıcılıq xüsusiyyətlərini, həm də təmsil etdikləri ənənənin daha geniş mədəni əlaqələrini müəyyənləşdirməyə imkan verir.
Alim Azərbaycan aşıq sənətinin tarixi qaynaqlarının türk mifoloji dünyagörüşü və qədim inanc sistemləri, o cümlədən tanrıçılıq və şamanizm, təkkə-təsəvvüf ədəbiyyatı, orta əsrlərin yazı mədəniyyəti və klassik ədəbi ənənələrlə əlaqəli şəkildə öyrənilməsinin vacibliyini vurğulayıb.
O qeyd edib ki, ozan-aşıq ənənəsinin transformasiyası, sənətin fəlsəfi-kulturoloji və ideoloji funksiyaları, eləcə də müxtəlif tarixi mərhələlərdə dəyişən ifaçılıq formaları və mədəni təsirlər bu sənətin təşəkkül və inkişaf mexanizmlərinin araşdırılması baxımından mühüm elmi istiqamətlərdir.
H.Quliyev Azərbaycan aşıq sənətinin türk xalqlarının ənənəvi sənət formaları ilə müqayisəli tədqiqinin də yeni elmi perspektivlər açdığını bildirib. Onun fikrincə, ozan, aşıq, baxşı, akın və jirau ənənələrinin müqayisəsi ortaq mədəni yaddaşın xüsusiyyətlərini, tarixi əlaqələri və regional fərqləri müəyyənləşdirməyə imkan verir.
Alim vurğulayıb ki, bu müqayisələr zamanı ortaq cəhətlərlə yanaşı, hər bir ənənənin özünəməxsus inkişaf yolu və ifaçılıq xüsusiyyətləri də nəzərə alınmalıdır.
Hikmət Quliyev saz ifaçılığı və dastan söyləmə ənənəsinin Azərbaycan aşıq sənətində xüsusi yer tutduğunu da diqqətə çatdırıb. O bildirib ki, Aşıq Hüseyn Saraçlının irsi bu baxımdan ətraflı araşdırılmalıdır.
Onun sözlərinə görə, sənətkarın aşıq şeirinin müxtəlif şəkillərindəki yaradıcılığı ilə yanaşı, saz ifaçılığı, özünəməxsus dastan söyləmə texnikası və xüsusilə “Koroğlu” dastanının ifası onun fərdi yaradıcılıq üslubunu, eləcə də Borçalı aşıq ənənəsinin səciyyəvi xüsusiyyətlərini öyrənmək üçün əhəmiyyətli materialdır.
AMEA Folklor İnstitutunun direktoru qeyd edib ki, aşıq sənətinin yalnız şeir mətnləri və ədəbi yaradıcılıq nümunələri əsasında təhlili onun mahiyyətini tam əhatə etmir. Müasir sosial-antropoloji folklorşünaslıq bu sənətə canlı kommunikasiya və performans hadisəsi kimi yanaşmağa imkan verir.
H.Quliyevin fikrincə, belə tədqiqatlarda söz və sazla yanaşı, ifaçının fərdi üslubu, auditoriya ilə münasibəti, ifanın baş verdiyi sosial-mədəni şərait və dinləyicilərin iştirakı da nəzərə alınmalıdır. Çünki folklor mətninin mənası yalnız sözlərin məzmununda deyil, həm də onun necə, harada, kim tərəfindən və hansı şəraitdə ifa olunmasında meydana çıxır.

