Moskvada azərbaycanlı neft sənayeçisi və mesenat Şəmsi Əsədullayevin vəsaiti hesabına tikilmiş binanın yüz ildən artıq tarixinə həsr olunan “Moskvanın Tatar Mədəniyyət Mərkəzi: tarixin oçerkləri” kitabının təqdimatı keçirilib.
“Tehsil365” Moskvanın Tatar Milli-Mədəni Muxtariyyətinə istinadla xəbər verir ki, tədbir Mərkəzin Malıy Tatarskiy küçəsində yerləşən tarixi binasında baş tutub.
Nəşr Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri, baş müfti Ravil Qaynutdinin redaktəsi ilə işıq üzü görüb. Kitabın müəllifləri tarix elmləri namizədi, Moskva İslam İnstitutunun İslam Araşdırmaları Mərkəzinin direktoru Damir Xayretdinov, tarixçi və publisist Marat Safarov, eləcə də Moskvanın Tatar Milli-Mədəni Muxtariyyətinin sədri Farit Farisovdur.
Kitabda Mədəniyyət Mərkəzinin yerləşdiyi binanın tarixinə xüsusi diqqət yetirilib. 1912-ci ildə azərbaycanlı neft sənayeçisi və mesenat Şəmsi Əsədullayev məktəb tikdirmək üçün Moskvanın Zamoskvoreçye rayonunda torpaq sahəsi alıb. 1914-cü ildə həmin ərazidə oğlan və qızlar üçün geniş sinif otaqları olan bina inşa edilib. Qısa müddət sonra bu bina Moskva tatarlarının təhsil, mədəniyyət və ictimai həyatının mühüm mərkəzinə çevrilib.
1917-ci ilin mayında binada 800-ə yaxın nümayəndənin iştirak etdiyi Birinci Ümumrusiya Müsəlman Qurultayı keçirilib. Qurultay iştirakçıları milli-mədəni muxtariyyət və Rusiyanın gələcək dövlət quruluşu məsələlərini müzakirə ediblər.
Damir Xayretdinov nəşrin üç fəslini Moskva tatar icmasının və binanın 1917-ci ilə qədərki tarixinə, o cümlədən məktəbin yaradılmasına və binanın inşasına həsr edib. Marat Safarov isə mədəniyyət mərkəzinin sovet hakimiyyətinin ilk onilliklərindəki fəaliyyətini araşdırıb, onun şair Musa Cəlilin Moskva dövründəki həyat və yaradıcılığı ilə əlaqəsini qeyd edib.
İkinci Dünya müharibəsi illərində binada hərbi hospital yerləşib, sonralar isə burada Xarici İşlər Nazirliyinin tədris müəssisəsi fəaliyyət göstərib. 2003-cü ildə bina əvəzsiz istifadə şərti ilə Moskvanın Tatar Milli-Mədəni Muxtariyyətinə verilib.
Təqdimatda çıxış edənlər tarixi yaddaşın qorunmasının və nəsillər arasında varisliyin təmin edilməsinin əhəmiyyətini vurğulayıblar. Bu gün Şəmsi Əsədullayevin adını daşıyan binada mədəni və ictimai tədbirlər keçirilir, yaradıcılıq kollektivləri fəaliyyət göstərir, təhsil və gənclərlə bağlı layihələr həyata keçirilir.

