Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın “Azərbaycanca danışaq” seriyasından növbəti kitabı Polşada nəşr olunub.
“Tehsil365 “xəbər verir ki, Azərbaycan dilinin, tarixinin və mədəniyyətinin təbliği ilə bağlı geniş fəaliyyət proqramının tərkib hissəsi olan kitab Varşava Universitetinin professoru Danuta Chmelovskayanın tərcüməsində işıq üzü görüb.
Nəşr Polşanın nüfuzlu nəşriyyat evlərindən biri olan "Wydawnictwo Adam Marszałek" tərəfindən çap edilib. Kitaba praktiki dil materialı, danışıq kitabçası ilə yanaşı ölkəmizin coğrafi mövqeyi, mədəniyyəti və tarixi haqqında məlumatlar daxil edilib.
Kitabda Azərbaycanın tarixi inkişaf yolu fəsillər üzrə təhlil edilir, Azərbaycan dilinin türk dilləri arasındakı qrammatik mövqeyi izah olunur. Həmçinin Azərbaycanın Avropa İttifaqı, xüsusən “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsindəki rolu və Şərqlə Qərb arasında geosiyasi körpü xüsusiyyətləri işıqlandırılır. Nəşrdə Polşa-Azərbaycan tarixi münasibətlərinə və Bakının memarlığında iz qoymuş polşalı mühəndis və sənətkarlara xüsusi bölmə həsr olunub.
Kitab Polşanın aparıcı universitetlərində elmi vəsait kimi istifadə olunacaq. Məlumatı “Lubimyczytac” platformasından əldə etmək mümkündür.
Qeyd edək ki, “Azərbaycanca danışaq” kitabı indiyədək Fransa, Macarıstan, Rumıniya, Serbiya, BƏƏ və Pakistanda nəşr olunub.

