2026-cı il oktyabrın 8-də Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dos. Orxan Vəliyev AnewZ telekanalının “PrimeTime” verilişində çıxış edib.
“Tehsil365”xəbər verir ki,Aparıcı Andi Mioč-in qonağı olan Dos. Vəliyev həmin gün Türkmənistanın Avaza şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlətləri liderlərinin 8-ci Məşvərət Görüşünü şərh edib. Bu görüş Azərbaycanın ilk dəfə tamhüquqlu iştirakçı qismində qatıldığı görüş kimi tarixə düşüb və C5 formatının C6 formatına genişlənməsinin rəsmiləşməsi olub.
Dos. Orxan Vəliyev çıxışında Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın üç əsas istiqamətinə diqqət çəkib:
İqtisadi əməkdaşlığın dərinləşməsi: Ekspert Azərbaycan-Özbəkistan və Azərbaycan-Qırğızıstan əlaqələrini nümunə göstərərək, qarşılıqlı ticarətin artırılmasının, birgə sənaye zonalarının və müxtəlif sahələrdə birgə təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Nəqliyyat və bağlantı: O, Orta Dəhliz və Zəngəzur dəhlizinin regional nəqliyyat imkanlarının genişləndirilməsində strateji rolundan danışıb və bu dəhlizlərin Mərkəzi Asiyanı Xəzər üzərindən Avropa ilə birləşdirən əsas marşruta çevrildiyini qeyd edib.
Yeni əməkdaşlıq gündəliyi: Dos. Vəliyev texnologiya, rəqəmsallaşma və yaşıl enerji sahələrində birgə fəaliyyətin Azərbaycan ilə Mərkəzi Asiya arasında əməkdaşlığın yeni və perspektivli istiqamətlərini formalaşdıracağını bildirib.

