“Tehsil365” İnformasiya Agentliyinin “YouTube” səhifəsində yayımlanan “Şəhidin səsi” proqramının növbəti buraxılışı Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Rəfail Əhmədağa oğlu İşiyevin əziz xatirəsinə həsr olunacaq.
“Tehsil365” xəbər verir ki, buraxılış oktyabrın 12-də saat 18:00-da tamaşaçılara təqdim ediləcək. Proqramın aparıcısı “Tehsil365” İnformasiya Agentliyinin təşkil etdiyi “Könüllü müxbir” proqramında könüllü müxbir kimi fəaliyyət göstərmiş Aysu Məmmədli olacaq.
Rəfail İşiyev 1979-cu il sentyabrın 4-də Cəlilabad rayonunda anadan olub. Ömrünün 16 ilini hərbi xidmətə həsr edən Rəfail İşiyev PDM (BMP) üzrə mütəxəssis kimi xidmət edib. O, 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib.
Vətən müharibəsi başlayanda döyüşlərə qatılan Rəfail İşiyev Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. İdarə etdiyi BMP vurulub və yaralanıb. Lakin yaralanmasından cəmi iki gün sonra yenidən döyüş meydanına qayıdıb. Yaralı döyüş yoldaşına məxsus BMP-ni idarə edərək Cəbrayıl və Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edib, düşmənə qarşı mübarizəsini davam etdirib.
Döyüşlər zamanı ikinci dəfə texnikası vurulan və yaralanan Rəfail İşiyev bir müddət sonra yenidən cəbhəyə qayıdıb. Bu dəfə düşməndən qənimət götürülmüş BMP ilə döyüşlərə qatılıb. Onun son döyüşü Xocavənd istiqamətində olub. Təcrübəli hərbçi 2020-ci il noyabrın 3-də həmin istiqamətdə gedən ağır döyüşlərdə şəhid olub.
Rəfail İşiyevin döyüş yolu və göstərdiyi igidlik dövlət tərəfindən yüksək qiymətləndirilib. O, ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. Həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda döyüş əməliyyatlarında göstərdiyi xidmətlərə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.
“Şəhidin səsi” proqramının budəfəki buraxılışında Rəfail İşiyevin həyat yolu, hərbi xidməti, Vətən müharibəsində göstərdiyi şücaət və xalqımızın yaddaşında əbədi yaşayacaq qəhrəmanlığı haqqında danışılacaq.
Qeyd edək ki, buraxılış oktyabrın 12-də saat 18:00-da “Tehsil365” İnformasiya Agentliyinin rəsmi “YouTube” səhifəsində yayımlanacaq.

