"Yandex" şirkətinin Rusiyanın Vladimir şəhərində yerləşən məlumat mərkəzi pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində fəaliyyətini tamamilə dayandırıb.
“Təhsil365 “xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti RBC-yə məlumat verib.
Şirkətin bəyanatında deyilir: "PUA hücumu nəticəsində "Yandex"in Vladimirdəki məlumat mərkəzinin infrastrukturu zədələnib və mərkəzin fəaliyyəti tamamilə dayanıb. Xəsarət alan yoxdur. Aidiyyəti qurumlar hadisə yerində fəsadların aradan qaldırılması ilə məşğuldur".
Məlumata görə, hadisə səbəbindən bəzi xidmətlər istifadəçilər üçün əlçatmaz olub. "Detector404" və "Sboy.rf" monitorinq xidmətləri "Yandex Go", "Yandex Pay", "Yandex Music", "KinoPoisk" və "Alisa ilə Ev" tətbiqlərində kütləvi nasazlıqlar qeydə alıblar.
Vladimir vilayətinin qubernatoru Aleksandr Avdeyev bölgənin infrastrukturuna edilən hücum nəticəsində yanğın baş verdiyini bildirib.
Hücumdan sonra Rusiyanın internet məkanında da kütləvi texniki problemlər qeydə alınıb. "Flowwow", "Vkusno - i toçka", "DDX" və bir sıra digər iri xidmətlərin fəaliyyətində ciddi fasilələr yaranıb.
Bildirilib ki, hücum nəticəsində iki elektrik yarımstansiyası sıradan çıxıb və 5 000 sakin elektrik enerjisiz qalıb.
"Yandex" şirkəti "ru-central1" zonasında elektrik təchizatında ciddi fasilələrin yarandığını açıqlayıb. Məlumat mərkəzinin fəaliyyətinin dayanması səbəbindən "Yandex Pro" tətbiqinin işi də tamamilə dayanıb.

