Özbəkistanın Namangan Dövlət Texniki Universitetinin nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) təcrübə mübadiləsindədir. Oktyabrın 17-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyətinin üzvləri təcrübə mübadiləsində iştirak edir, həmçinin mühazirə sessiyalarına qatılırlar.
BMU-dan “Tehsil365”-ə bildirilib ki, rektor Yaqub Piriyev Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin hər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb. O, 2026-cı il avqustun 24-də Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin ikitərəfli əlaqələrin inkişafında xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Ölkələr arasında mövcud qarşılıqlı etimadın və qardaşlıq münasibətlərinin təhsil də daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin yaratdığı diqqətə çatdırılıb.
İki universitet arasında əməkdaşlıq əlaqələrinə toxunan Yaqub Piriyev akademik mübadilələrin qabaqcıl təcrübənin paylaşılması, elmi və tədris əlaqələrinin genişləndirilməsi, eləcə də əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Nümayəndə heyətinin BMU-da mühazirə sessiyalarında və təcrübə mübadiləsində iştirakının mövcud əlaqələrin daha da inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Namangan Dövlət Texniki Universitetinin nümayəndə heyətinə dekan Cəmşid Yuldaşev, Dizayn kafedrasının müdiri Mətlubə Nazarova, həmin kafedranın professoru Zokirjon Erkinov, Tekstil sənayesi texnologiyası kafedrasının professoru Xusanxon Bobojanov, Metrologiya və standartlaşdırma kafedrasının dosenti Abduqani Bobomatov, baş müəllim Manzura Rizamatova və müəllim Mircomal Mirxocayev daxildir.
Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti və təcrübə mübadiləsi imkanlarını yüksək qiymətləndiriblər. Səfərin hər iki universitet arasında əlaqələrin genişləndirilməsinə, elmi-pedaqoji təcrübənin paylaşılmasına və gələcək birgə təşəbbüslərin inkişafına töhfə verəcəyinə inam ifadə olunub.
Görüşdə universitetlər arasında əməkdaşlığın inkişaf perspektivləri, akademik mübadilənin genişləndirilməsi, tədris və elmi fəaliyyət sahələrində təcrübə mübadiləsinin gücləndirilməsi məsələləri müzakirə edilib. Həmçinin tekstil sənayesi, dizayn, texnologiya, metrologiya və standartlaşdırma istiqamətləri üzrə qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

