Dövlət İmtahan Mərkəzində bir sıra fənlər üzrə buraxılış və qəbul imtahanlarının proqramları müzakirə edilib, sənədlərdə redaktə xarakterli düzəlişlər aparılıb.
“Tehsil365” xəbər verir ki, seminarlarda Azərbaycan dili (tədris dili), Azərbaycan dili (dövlət dili), xarici dillər və informatika fənləri üzrə iş planları və imtahan proqramları müzakirə olunub.
Tədbirlərdə orta ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, eləcə də müvafiq sahələr üzrə elmi müəssisələrin mütəxəssisləri iştirak ediblər.
Seminarlarda vurğulanıb ki, imtahan proqramları, imtahan modelinə uyğun mətnlər və test tapşırıqları abituriyentlər və müəllimlər üçün əsas istinad mənbələrindəndir. İmtahan materiallarının hazırlanmasında dərsliklər əsas götürülür.
Müzakirələr zamanı fənn kurikulumlarının məzmunu, 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının proqramları və informatika fənni üzrə qəbul imtahanının proqramı barədə fikir mübadiləsi aparılıb.
Sonda proqramlarda redaktə xarakterli düzəlişlər edilib. Növbəti seminarlarda müzakirələrin davam etdirilməsi nəzərdə tutulur.

