“Müasir əmək bazarında uğur qazanmaq üçün ali təhsil diplomu ilə yanaşı, sosial bacarıqlara, emosional zəkaya və praktiki biliklərə də sahib olmaq vacibdir”
Bu sözləri “Tehsil365”ə açıqlamasında Fəlsəfə üzrə fəlsəfə doktoru,Sosioloq Kifayət Ağayeva deyib.
O bildirib ki, universitet illəri gənclərə bir peşənin əsaslarını öyrətsə də, əmək bazarında uğur qazanmaq üçün əlavə bacarıqlara da ehtiyac var.
“Bu gün bizə sadəcə diplomlu mütəxəssislərə deyil, dəyişən dünyaya uyğunlaşmağı, insanlarla körpü qurmağı bacaran şəxsiyyətlərə ehtiyac var. İşəgötürənlər artıq yalnız mükəmməl qiymətləri olan diplom deyil, insanı anlayan, komandada işləyən və böhranları idarə edən gənclər axtarırlar”, – deyə K.Ağayeva qeyd edib.
Onun sözlərinə görə, diplom insanın hansı sahəyə yiyələndiyini göstərsə də, sosial bacarıqlar onun cəmiyyətdə necə mövqe tutacağını müəyyən edir.
“Diplom qapını açır, lakin emosional zəka insanlarla uzunmüddətli və sağlam münasibətlər qurmağa imkan verir. Elm və sosial bacarıqlar birləşdikdə isə əsl liderlik ortaya çıxır”, – deyə sosioloq vurğulayıb.
K.Ağayeva emosional zəkanın, empatiyanın və ünsiyyət bacarıqlarının əhəmiyyətinə də diqqət çəkib.
“İlk növbədə öz emosiyalarını tanımaq, idarə etmək və başqalarının hiss və ehtiyaclarına empatiya ilə yanaşmaq bacarığı çox önəmlidir. Yalnız nəzəri biliklə kifayətlənməyib, yeni şəraitə uyğunlaşan və stres altında düzgün qərar verən gənclər hər zaman öndə olur”, – deyə o bildirib.
Sosioloq əlavə edib ki, gənclər şəxsi sərhədlərini qorumağı, vaxt və resurslarından düzgün istifadə etməyi, lazım gəldikdə “yox” deməyi və qərarlarının məsuliyyətini daşımağı bacarmalıdırlar.
“Uğurlu gənc həm özünün, həm də başqalarının sərhədlərinə hörmətlə yanaşır. Sağlam sərhədlər tükənmənin qarşısını alır və uzunmüddətli məhsuldarlığı təmin edir”, – deyə K.Ağayeva qeyd edib.
O, müasir dövrdə rəqəmsal və texnoloji bacarıqların da gənclər üçün yeni imkanlar yaratdığını bildirib. Sosioloqun sözlərinə görə, proqramlaşdırma, veb-tərtibat, rəqəmsal marketinq, kontent yaradıcılığı, sosial media strategiyası və video montaj kimi sahələr gəlir əldə etmək baxımından perspektivlidir.
K.Ağayeva kosmetologiya, vizajistlik, stilistlik, masaj, fitnes, pilates və yoqa təlimçiliyi, avtomobil və İT diaqnostikası, elektronika, məkan dizaynı və dekorasiya sahələrini də perspektivli istiqamətlər sırasında sadalayıb.
Sosioloq xarici dil biliklərinin beynəlxalq əmək bazarına çıxış imkanlarını genişləndirdiyini də vurğulayıb. O bildirib ki, gənclər tərcüməçilik, bələdçilik və beynəlxalq onlayn platformalarda sərbəst iş fəaliyyəti ilə məşğul olaraq xarici şirkətlərlə əməkdaşlıq edə bilərlər.
“Müasir əmək bazarında diplom nəzəri bazadır, lakin pul qazandıran əsas amil xüsusi praktiki bacarıqlardır. Çünki müasir dünya ‘Haranı bitirmisən?’ deyə deyil, ‘Praktikada nəyi bacarırsan və hansı problemi həll edə bilirsən?’ deyə soruşur”, – deyə K.Ağayeva fikrini yekunlaşdırıb.

