Təhsil 365 - Logo Mobile

“Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur”

4113.10.2026 - 04:00
“Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur”

“Gələcək Azərbaycan cəmiyyətinin hansı dəyərlər, düşüncə modeli və vətəndaşlıq məsuliyyəti üzərində bərqərar olacağı bu gün qarşımızda duran mühüm məsələlərdəndir. Söhbət yalnız gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsindən deyil, milli kimliyini dərk edən, müstəqil düşünən, müasir çağırışları düzgün qiymətləndirən, dövlətin inkişafına və xalqın rifahına töhfə verməyə hazır olan vətəndaşların yetişdirilməsindən gedir. Çünki dövlətin davamlı inkişafı iqtisadi və texnoloji imkanlarla bərabər həm də onun mənəvi dayaqları, tarixi yaddaşı və vətəndaşlarının vətənpərvərlik düşüncəsi ilə müəyyən olunur”.

“Tehsil365” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib.

“Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Ulu Öndərin 1996-cı ildə Gənclərin I Forumunda səsləndirdiyi “Gənclərimiz milli ruhda, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir” fikri bu gün də öz aktuallığını qoruyur. Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, milli-mənəvi dəyərlər keçmişdən miras qalan irs olmaqla yanaşı, milli kimliyin qorunmasının, dövlətçilik ənənələrinin davamlılığının və gələcək inkişafın əsas amillərindən biridir.

Bu siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışları nəzərə alınmaqla davam etdirilir. Dövlət başçımız Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında ideoloji təhlükəsizliyin əhəmiyyətini vurğulayaraq təhsili, biliyi və vətənpərvərliyi gənclərin yad və zərərli təsirlərdən qorunmasının mühüm vasitələri kimi qeyd etmiş, milli dəyərlərin, ənənələrin və həyat tərzinin yaşadılmasının vacibliyinə diqqət çəkmişdir. Bu yanaşma milli-mənəvi tərbiyənin daha geniş mahiyyətini ortaya qoyur. Milli kimliyini dərk edən, tarixi inkişafımızın səbəb və nəticələrini anlayan gənc, dövlətimizin nailiyyətlərini təkcə imkanlar kimi yox, eyni zamanda əvvəlki nəsillərin səylərinin və tarixi mübarizənin yekunu olaraq qiymətləndirir. Hər bir gənc anlamalıdır ki, bu gün malik olduğu hüquq və imkanlar yalnız üstünlüklər deyil, həm də gələcək nəsillər qarşısında cavabdehlik yaradır. Buna görə milli-mənəvi tərbiyənin əsas nəticəsi öz tarixini və ənənələrini bilən, öz kimliyini dərk edən, müstəqil düşünən, düzgün seçim edə bilən, milli maraqlara və dövlət mənafelərinə bağlı vətəndaş olmalıdır” , - R. Məmmədov qeyd edib.

O bildirib ki, bu prosesin təməli ailədə qoyulur, təhsil müəssisələrində isə sistemli şəkildə inkişaf etdirilir:

“Ailə uşağın insanlara, ictimai mühitə, Vətənə və özünə münasibətinin ilkin əsaslarını formalaşdırır. Təhsil həmin mənəvi əsasları bilik, analitik düşüncə və hüquqi mədəniyyətlə tamamlayır. Lakin müasir dövrdə gənclərin mənəvi-ideoloji baxışlarına təsir göstərən üçüncü mühüm amil də var: informasiya məkanı. İnternet, sosial media, rəqəmsal texnologiyalar və süni intellekt bilik əldə etmək imkanlarını genişləndirməklə yanaşı, müxtəlif ideoloji təsirlərin yayılmasını da sürətləndirir.

İnformasiya bolluğu özlüyündə düzgün dünyagörüşünün formalaşmasına təminat vermir. Əksinə, məlumatların etibarlılığını qiymətləndirmək və müxtəlif təsirlər arasında düzgün seçim etmək bacarığı olmadıqda, geniş informasiya imkanları yanlış istiqamətlənmə risklərini də artıra bilər. Buna görə müasir dövrdə informasiya təhlükəsizliyi ilə yanaşı, düşüncə təhlükəsizliyi də mühüm əhəmiyyət daşıyır. Düşüncə təhlükəsizliyi insanın məlumatı təhlil etmək, manipulyasiyanı tanımaq, fərqli fikirləri müqayisə etmək və qərarlarını sağlam mühakimə əsasında vermək bacarığı ilə bağlıdır. Belə bacarıqların inkişafı gəncləri kənar təsirlərdən qorumaqla yanaşı, onların ictimai həyatda fəal və prinsipial mövqe tutmasına da imkan yaradır.

İnsanın dünyagörüşünün təşəkkül tapmasında dini biliklər və mənəvi dəyərlər də mühüm yer tutur. Bu baxımdan gənclərin dini biliklərinin sağlam və etibarlı mənbələr əsasında zənginləşməsi xüsusi əhəmiyyət daşıyır. Dini anlayışların düzgün mənimsənilməsi ilə xurafatın, mənəvi dəyərlərlə radikal ideyaların, dini inancın isə həmin inancdan sui-istifadə edən manipulyativ çağırışların fərqləndirilməsi vacibdir”.

“​Bizim yanaşmamız aydındır: dini dəyərlər insan ləyaqətinə, mərhəmətə, ədalətə, qarşılıqlı hörmətə, ictimai həmrəyliyə və sülhə xidmət etməlidir. Azərbaycanın dünyəvi dövlət modeli ilə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur. Əksinə, dini etiqad azadlığı, hüquqi dövlət prinsipləri, dünyəvilik və milli-mənəvi dəyərlərə hörmət ölkənin ictimai sabitliyini və həmrəyliyini möhkəmləndirən, bir-birini tamamlayan meyarlardır.

Dünyəvi dövlət dini dəyərləri inkar etmir, əksinə onları qorumaq üçün mükəmməl hüquqi mexanizmlər təqdim edir. Çünki dünyəvilik dövlət idarəçiliyinin hüquq və qanunçuluq əsasında həyata keçirilməsini, vətəndaşların dinindən və etiqadından asılı olmayaraq bərabərliyinin qorunmasını, dini etiqad azadlığının təmin edilməsini nəzərdə tutur. Bu model həm insanların dini inanclarına hörmət göstərilməsi, həm də müxtəlif dünyagörüşlərinə malik vətəndaşların ümumi hüquqi çərçivədə dinc və təhlükəsiz yaşaması üçün əsas yaradır.

Bəzən milli dəyərləri qorumaqla müasir dünyaya inteqrasiya arasında seçim etmək lazım olduğu təsəvvürü yaradılır. Halbuki milli kimliklə müasirlik arasında məcburi seçim yoxdur. Milli dəyərlərə bağlılıq elmi biliklərə, texnoloji yeniliklərə və müasir düşüncəyə açıq olmağa maneə yaratmamalıdır. Azərbaycan cəmiyyətinin birliyi də milli-mənəvi dəyərlərin, dini etiqad azadlığının və dünyəvi dövlətin təməl qaydalarının uzlaşdırılmasına əsaslanır. Müxtəlif dini və mədəni mənsubiyyətə malik insanların ümummilli maraqları, qanun qarşısında bərabərlik və qarşılıqlı hörmət əsasında bir arada yaşaması ictimai sabitliyin mühüm şərtidir. Bu birliyin qorunması üçün yalnız ortaq dəyərlərin təşviqi deyil, hüquqi mədəniyyətin və vətəndaş öhdəliyinin inkişaf etdirilməsi də vacibdir. Nəticə etibarilə, milli-mənəvi tərbiyənin əsas məqsədi yalnız öz tarixini bilən deyil, onu anlayan; yalnız ənənələrə bağlı olan deyil, onları müasir dövrün tələbləri ilə uzlaşdırmağı bacaran; yalnız informasiya əldə edən deyil, onu təhlil edərək düzgün qərar verən vətəndaş yetişdirməkdir. Məhz buna görə də milli-mənəvi dəyərlər müasir düşüncəyə, fərdi azadlıq vətəndaşlıq məsuliyyətinə, dini etiqad azadlığı isə dünyəvi dövlət prinsiplərinə qarşı qoyulmamalı, əksinə, bu dəyərlər və komponentlər bir-birini tamamlayan, milli kimliyin qorunmasına, sağlam ictimai şüurun və vətəndaşlıq borcunu dərk edən mövqeyin formalaşmasına xidmət edən bütöv bir ideoloji sistemin tərkib hissələri kimi qəbul edilməlidir”, - sədr əlavə edib.

Nuranə Mərdiyeva

Xəbər Lenti

Deputatdan təklif: "Azərbaycançılıq institutu yaradılsın"13.10.2026 - 08:17
Məleykə Abbaszadə açıqlama yaydı - Məktəblərdən danışdı13.10.2026 - 08:05
“Kitabsevərdən kitabxanaya” təşəbbüsü çərçivəsində Everett Şostromun kitabı kitabxanaya hədiyyə edilib13.10.2026 - 07:50
Qərar verildi: Təhsil sahəsində yeni təyinat13.10.2026 - 07:28
Mənsum İbrahimovdan hicabla bağlı açıqlama13.10.2026 - 07:28
Azərbaycanda bu təhsil ocaqları bağlanır13.10.2026 - 07:25
Pensiya alanların nəzərinə!13.10.2026 - 07:05
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb13.10.2026 - 05:35
Arzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblər13.10.2026 - 05:30
Məktəblərdə geyim qaydalarının icrasına dair monitorinqlərə başlanıldı13.10.2026 - 04:55
Media və Yayım Şurası vətəndaşları süni informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı13.10.2026 - 04:53
Vahid geyim forması şagirdlər arasında mənəvi bərabərliyi və həmrəyliyi təmin edir - RƏY13.10.2026 - 04:41
Qardaş ölkədə naməlum infeksiya: 5 min nəfər...13.10.2026 - 04:40
Özünü məktəb binasından atan şagirdin son vəziyyəti13.10.2026 - 04:30
Son 4 ildə 560-dan çox qız xüsusi təhsil təqaüdü əldə edib13.10.2026 - 04:20
“Azərbaycanda nə hicaba, nə də niqaba qadağa var”13.10.2026 - 04:10
Əli Ələkbərov: “Təhsil müəssisələri münaqişə meydanına çevrilməməlidir”12.10.2026 - 21:14
Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı12.10.2026 - 19:35
Kifayət Ağayeva: “Müasir əmək bazarında diplomla yanaşı praktiki bacarıqlar da vacibdir”12.10.2026 - 17:57
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanda 309 namizəd iştirak edəcək12.10.2026 - 17:51
DİM-də buraxılış və qəbul imtahanlarının proqramları müzakirə olunub12.10.2026 - 17:43
İşğaldan azad edilmiş ərazilərdə incəsənət təhsili üçün elektron müraciət başlayıb12.10.2026 - 17:42
Azərbaycanda müəllimlərin sayı bəlli oldu12.10.2026 - 17:36
Azərbaycan Kulinariyası Adana Ləzzət festivalında təqdim olundu12.10.2026 - 17:28
Kəlbəcərin zəngin mədəni irsi Xudavəng monastrı12.10.2026 - 17:15
Vahid geyim qaydaları təhsil mühitində vahid yanaşmanı təsdiq edir12.10.2026 - 17:05
Bakıda “ÇayFest” Festivalı keçirilir12.10.2026 - 17:00
Professor Adil Qeybulla həkim: "Müalicə yalnız həkimə məxsusdur,həkim müalicə təyin etməlidir"12.10.2026 - 16:09
Xalq yazıçısı Kamal Abdullanın “Azərbaycanca danışaq” kitabı Polşada nəşr olunub12.10.2026 - 15:42
Prezident təqaüdçülərinə görə lider universitetlər12.10.2026 - 15:39
Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq12.10.2026 - 15:35
Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”12.10.2026 - 15:32
Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb12.10.2026 - 15:30
Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı12.10.2026 - 15:27
Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib12.10.2026 - 15:20
Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb12.10.2026 - 15:14
“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb12.10.2026 - 15:12
Sabiq nazirdən reaksiya - “Məktəbli formasında güzəşt olmamalıdır”12.10.2026 - 14:36
Namangan Dövlət Texniki Universitetinin nümayəndələri BMU-da12.10.2026 - 14:32
Şagird məktəbin ikinci mərtəbəsindən özünü atdı12.10.2026 - 14:30
DPİQ ilə “Boston Consulting Group” yeni əməkdaşlığa başlayır12.10.2026 - 14:19
Bakıda milli dəyərlərin qorunmasına dair ictimai müzakirə keçirilib, bəyanat qəbul olunub12.10.2026 - 14:07
Hikmət Quliyev: Dünyəvi təhsil demokratik dövlətçiliyin və müasir şəxsiyyətin formalaşmasının əsas şərtidir12.10.2026 - 14:00
TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı12.10.2026 - 13:46
AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar12.10.2026 - 13:44
Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər12.10.2026 - 13:40
Tibb kolleclərində keçid balları kəskin azaldı - Ən çox enmə olan İXTİSASLAR12.10.2026 - 13:37