"Təhsil müəssisələrində baş verən hadisələr, məktəblərin şüşələrinin sındırılması və məktəb direktorlarından birinin avtomobilinin yandırılması cəmiyyətdə ciddi narahatlıq doğurur. Təhsil ocaqlarına və təhsil işçilərinə qarşı bu cür hərəkətlər problemlərin həlli deyil, əksinə, mövcud gərginliyin daha da artmasına səbəb olur".
Bu fikirləri “Tehsil365”ə açıqlamasında təhsil eksperti Əli Ələkbərov deyib.
Onun sözlərinə görə, hər hansı mübahisənin, narazılığın və ya fikir ayrılığının həlli yolu aqressiya və zorakılıqdan keçməməlidir.
“Məktəb hər hansı mübahisənin tərəfi deyil, uşaqların gələcəyinin formalaşdığı məkandır. Məktəbin şüşəsini sındırmaq, təhsil işçilərinə təzyiq göstərmək və ya onların əmlakına zərər vurmaqla heç bir problemin həllinə nail olmaq mümkün deyil. Əksinə, bu cür hərəkətlər təhsil mühitinə, şagirdlərin təhlükəsizlik hissinə və cəmiyyətin gələcəyə olan inamına zərbə vurur”, – deyə ekspert bildirib.
Ə. Ələkbərov qeyd edib ki, təhsilin cəmiyyətin gələcəyindəki rolunu nəzərə alaraq, məktəblərin qorunması hər kəsin məsuliyyəti olmalıdır. O, ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikrini xatırladaraq vurğulayıb ki, əsas məqsəd gəncləri təhsildən uzaqlaşdırmaq deyil, onların təhsil hüququnu qorumaq və sağlam düşüncəli vətəndaş kimi formalaşmalarına şərait yaratmaqdır.
“Bir gəncin təhsildən kənarda qalması onun yalnız bu gününə deyil, gələcək həyatına, psixoloji vəziyyətinə və cəmiyyətə inteqrasiyasına da mənfi təsir göstərə bilər”, – deyə təhsil eksperti əlavə edib.
Məktəblərdə hicab və vahid geyim qaydaları ilə bağlı müzakirələrə də toxunan Əli Ələkbərov məsələyə emosional deyil, hüquqi, pedaqoji və sosial baxımdan yanaşılmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, bu mövzuda Konstitusiyanın, təhsil qanunvericiliyinin və müvafiq normativ hüquqi aktların tələbləri dəqiq araşdırılmalı, vətəndaşlara aydın və əsaslandırılmış izah verilməlidir.
“Hər hansı qaydanın mövcudluğu və tətbiqi barədə fikir bildirərkən hüquqi normaları düzgün şərh etmək, yanlış məlumat yaymamaq xüsusi əhəmiyyət daşıyır”, – deyə Ə. Ələkbərov bildirib.
Təhsil eksperti sosial şəbəkələrdə yayılan məlumatlara münasibətdə də diqqətli olmağa çağırıb. O qeyd edib ki, belə həssas məsələlərlə bağlı təsdiqlənməmiş, təhrif olunmuş və ya həqiqəti əks etdirməyən məlumatlar cəmiyyətdə gərginliyi daha da artıra bilər. Buna görə də hər kəs paylaşdığı məlumatın doğruluğunu yoxlamalı, emosiyalara qapılaraq ictimai qarşıdurmanı dərinləşdirən mövqedən çəkinməlidir.
“Gəlin bir anlıq düşünək: məktəbin şüşələrinin sındırılması, məktəb direktorunun avtomobilinin yandırılması hansı problemi həll edir? Bu əməllər şagirdin təhsil hüququnu bərpa edirmi, narazılığı aradan qaldırırmı, yoxsa vəziyyəti daha da mürəkkəbləşdirir? Əlbəttə ki, təhsil müəssisələrinə və insanların əmlakına zərər vurmaqla müsbət nəticə əldə etmək mümkün deyil. Belə hallarda ilk növbədə uşaqların, müəllimlərin və digər şəxslərin təhlükəsizliyi düşünülməlidir”, – deyə ekspert vurğulayıb.
Əli Ələkbərov hesab edir ki, istənilən narazılığın ifadə olunması hüquqi və dinc yollarla həyata keçirilməli, aidiyyəti qurumlar isə vətəndaşların suallarına aydın cavab verməli, yaranmış problemlərin həlli üçün dialoqa açıq olmalıdır.
“Təhsil müəssisələri münaqişə meydanına çevrilməməli, müəllimlər və məktəb rəhbərləri ictimai gərginliyin hədəfinə çevrilməməlidirlər”, – deyə o bildirib.
Ekspertin sözlərinə görə, təhsil siyasəti ilə bağlı mübahisələrin olması, qərarların müzakirə edilməsi və fərqli fikirlərin səsləndirilməsi təbii haldır. Lakin bütün bunlar uşaqların təhlükəsizliyinə, təhsil hüququna və məktəblərin normal fəaliyyətinə xələl gətirmədən həyata keçirilməlidir.
“Məktəb yalnız divarlardan və sinif otaqlarından ibarət deyil. Məktəb uşaqların arzuları, valideynlərin ümidləri və müəllimlərin zəhmətidir. Onu qorumaq hər birimizin məsuliyyətidir. Gələcəyimizi qorumaq istəyiriksə, ilk növbədə təhsil ocaqlarımızı qorumalı, problemləri qarşıdurma ilə deyil, ağıl, dialoq və qanunun aliliyi ilə həll etməliyik”, – deyə təhsil eksperti fikirlərini yekunlaşdırıb.

