Respublika Gözdən Əlillər Kitabxanasının əməkdaşı Ayxan Hüseynov “Kitabsevərdən kitabxanaya” təşəbbüsü çərçivəsində Everett Şostromun “Anti Karneqi və ya insan manipulyator” kitabını kitabxanaya hədiyyə edib.
Bu barədə "Tehsil365" ə Respublika Gözdən Əlillər Kitabxanasında məlumat verilib. Bildirilib ki, Amerikalı psixoloq, yazıçı və prodüser Everett Şostromun müəllifi olduğu əsər insan davranışlarının, manipulyativ münasibətlərin və özünəinamın formalaşmasının anlaşılmasına yönəlib. Müəllif insan xarakterlərinin manipulyativ xüsusiyyətlərinin təsnifatı və özünüaktuallaşma konsepsiyasının yaradıcılarından biri kimi tanınır.
Kitab insanlara özünəinam qazandırmaq, müsbət dəyişikliklərə yönəlmək və həyatı daha yaxşı anlamaq istiqamətində kömək edən nəşr kimi təqdim olunur. Əsərin geniş oxucu marağı qazandığını onun Rusiyada 22 dəfə nəşr olunması da göstərir.
Qeyd edək ki, Everett Şostrom 1921–1992-ci illərdə yaşayıb, on kitabın müəllifi olub və Amerika Psixoloji Assosiasiyasının prezidenti vəzifəsini tutub.
“Kitabsevərdən kitabxanaya” təşəbbüsünün əsas məqsədi vətəndaşlar tərəfindən kitabxanaya bağışlanan nəşrlərin səsyazma studiyasında səsləndirilməsi və görmə məhdudiyyətli şəxslər üçün səsli kitab resurslarının zənginləşdirilməsidir. Təşəbbüs kitabxananın daha əvvəl həyata keçirdiyi “Könüllü ol, bir kitabı səsə çevir” könüllülük proqramının davamı və inkişafı kimi nəzərdə tutulub.
Təşəbbüs çərçivəsində kitabxanaya təqdim edilən nəşrlər müvafiq tələblərə uyğunluq baxımından nəzərdən keçirilir. Seçilən kitabların səsləndirilməsi vasitəsilə onların görmə məhdudiyyətli oxucular üçün də əlçatan olması hədəflənir.
Respublika Gözdən Əlillər Kitabxanası kitabsevərləri təşəbbüsə qoşulmağa, kitab bağışlamaqla səsli kitab fondunun zənginləşdirilməsinə və görmə məhdudiyyətli şəxslərin informasiya və mütaliə imkanlarının genişləndirilməsinə töhfə verməyə dəvət edir.

