Türkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saral, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri tərəfindən Azərbaycanla bağlı səsləndirilmiş fikirlərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti aşağıdakıları bildirir.
Uzun müddətdir ki, Türkiyənin bir sıra media orqanlarında və sosial media platformalarında, o cümlədən AKP iqtidarına yaxınlığı ilə tanınan informasiya resurslarında Azərbaycan haqqında həqiqətə uyğun olmayan, qərəzli, böhtan və iftira xarakterli məlumatların yayılması müşahidə edilir.
Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında mövcud olan tərəfdaşlıq münasibətlərini, eləcə də Azərbaycan və Türkiyə xalqlarını birləşdirən tarixi qardaşlıq və dostluq bağlarını nəzərə alaraq, indiyədək bu cür hallara münasibətdə təmkin nümayiş etdirmişik. Məqsədimiz ayrı-ayrı dairələrin məsuliyyətsiz davranışlarının dövlətlərimiz və xalqlarımız arasındakı münasibətlərə mənfi təsir göstərməsinə imkan verməmək olmuşdur.
Lakin son dövrlərdə Azərbaycana qarşı yönəlmiş bu informasiya kampaniyasının daha aqressiv, sistemli və açıq böhtan xarakteri alması, xüsusilə də Türkiyə Prezidentinin baş müşaviri statusunu daşıyan şəxsin, hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkillərinin belə bir kampaniyaya qoşulması məsələyə açıq münasibət bildirməyimizi zəruri edir.
İlk növbədə, Azərbaycan-İsrail münasibətlərinin məqsədli şəkildə təhrif olunması, bu əlaqələrə guya müstəsna xarakter verilməsi və bundan Azərbaycan əleyhinə siyasi ittihamlar irəli sürülməsi cəhdlərini qətiyyətlə rədd edirik. Azərbaycan Respublikası İsraillə beynəlxalq hüquq normalarına və qarşılıqlı maraqlara əsaslanan normal dövlətlərarası münasibətlərə malikdir.
Azərbaycanın Fələstin məsələsində mövqeyi isə ardıcıl, aydın və prinsipialdır. Ölkəmiz Fələstin xalqının qanuni hüquqlarını daim dəstəkləmiş, Fələstinə maliyyə və humanitar yardımlar göstərmişdir. Fələstin Prezidenti Mahmud Abbas və Baş nazir Məhəmməd Mustafa müxtəlif vaxtlarda Azərbaycanda səfərdə olmuşlar. Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin fəaliyyəti də Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə təmin olunur.
Prezident İlham Əliyev dəfələrlə ən yüksək beynəlxalq tribunalardan bəyan etmişdir ki, Azərbaycan Fələstin məsələsinin beynəlxalq hüquq və BMT-nin müvafiq qətnamələri əsasında, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması şərtilə "iki dövlət" prinsipi əsasında həllini dəstəkləyir. Azərbaycanın Qəzzada baş verən hadisələrlə bağlı mövqeyi də humanitar dəyərlərə, mülki əhalinin müdafiəsinə və beynəlxalq hüquqa əsaslanır.
Azərbaycanın İslam dünyası ilə münasibətləri də hər hansı siyasi konyunkturadan deyil, qarşılıqlı hörmət, bərabərlik və həmrəylik prinsiplərindən qaynaqlanır. Ölkəmizin İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələr müsəlman dövlətləri tərəfindən yüksək qiymətləndirilir. 2027-ci ildə Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatının növbəti Zirvə görüşünün keçirilməsinin nəzərdə tutulması da ölkəmizə göstərilən beynəlxalq etimadın ifadəsidir.

