Məktəb cəmiyyətin gələcəyinin formalaşdığı, uşaqların yalnız bilik və bacarıqlar deyil, eyni zamanda sosial davranış, qarşılıqlı hörmət və məsuliyyət prinsiplərini mənimsədiyi mühüm ictimai institutdur. Bu baxımdan təhsil müəssisəsində yaradılan mühit, müəyyən edilən qaydalar və formalaşdırılan davranış standartları tədrisin keyfiyyəti ilə yanaşı, şagirdlərin dünyagörüşünə və sosial münasibətlərinə də təsir göstərir.
Məktəblilərin vahid geyim qaydaları və müəllimlərin vahid işgüzar üslubu da məhz bu kontekstdə qiymətləndirilməlidir.
“TEHSİL365”Milli.Az-a istinadən xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.Onun davranışı və peşəkar görünüşü məktəbin daxili mədəniyyətini, iş prinsiplərini və cəmiyyət qarşısında daşıdığı məsuliyyəti əks etdirir. Səliqəli, sadə və işgüzar geyim üslubu müəllimin peşəkar rolunu vurğulayır, tədris prosesinə uyğun mühitin formalaşmasına kömək edir. Şagirdlər üçün müəyyən edilmiş geyim qaydaları ilə müəllimlərin işgüzar görünüşü arasında uyğunluğun olması məktəbdə ortaq təşkilati dəyərlərin möhkəmlənməsinə şərait yarada bilər. Bu yanaşma müəllim kollektivində mənsubiyyət və komanda ruhunu gücləndirməklə yanaşı, məktəbin vahid idarəetmə fəlsəfəsinin formalaşmasına da töhfə verə bilər. Vahid işgüzar üslubun digər üstünlüyü məktəb daxilində peşəkar identifikasiyanın güclənməsidir. Xüsusilə şagird sayının çox olduğu təhsil müəssisələrində müəllimlərin müəyyən edilmiş geyim standartlarına uyğun görünməsi onların digər şəxslərdən fərqləndirilməsini asanlaşdıra bilər. Bununla belə, peşəkarlığın yalnız geyimlə ölçülmədiyi aydındır. Müəllimin bilik səviyyəsi, pedaqoji bacarığı, ədalətli davranışı və şagirdlərlə ünsiyyəti onun nüfuzunu müəyyən edən əsas amillər olaraq qalır".
S.Mikayılova sözlərinə görə, müəllimlər üçün vahid işgüzar üslub müəyyən edilərkən əsas diqqət yalnız zahiri görünüşə deyil, geyimin funksionallığına və iş şəraitinə uyğunluğuna yönəldilməlidir. Müəllimin gündəlik fəaliyyəti hərəkətlilik, uzunmüddətli ünsiyyət, müxtəlif tədris şəraitinə uyğunlaşma və yüksək diqqət tələb edir. Buna görə də geyim rahat olmalı, hərəkəti məhdudlaşdırmamalı və dərsin təşkilinə maneə yaratmamalıdır. Sadə və səliqəli işgüzar üslub şagirdlərin diqqətinin tədris prosesindən yayınmasının qarşısını almağa kömək edə bilər. Eyni zamanda, müəllimin geyimi şagirdlərə ictimai mühitdə uyğun görünüş, şəxsi səliqə və geyim mədəniyyəti haqqında nümunə təqdim edir. Bu təsir yalnız geyimin formasından deyil, müəllimin ümumi davranışından və şəxsi nümunəsindən qaynaqlanır.

