Ümumdünya Görmə Günü münasibətilə Azərbaycan Sənaye Sığorta Şirkəti tərəfindən “Batı Göz” klinikası ilə birgə media nümayəndələri üçün maarifləndirici görüş və səyyar göz müayinəsi təşkil olunub.
“Tehsil365” xəbər verir ki, tədbirin məqsədi göz sağlamlığının qorunmasının əhəmiyyətinə diqqət göstərmək, geniş yayılmış göz xəstəlikləri və onların profilaktikası barədə məlumatlandırmaq olub.
Tədbirdə çıxış edən Azərbaycan Sənaye Sığorta Şirkətinin İdarə Heyətinin sədri İlkin Mirzəyev şirkətin 30 illik fəaliyyət yolu, müştərilərə təqdim etdiyi sığorta xidmətləri, həyata keçirdiyi iri həcmli sığorta ödənişləri və müştəri məmnuniyyəti sahəsində lider mövqeyi barədə məlumat verib.
Qeyd olunub ki, hazırda şirkət 150 000-dən çox müştəriyə 33 növ sığorta xidməti təqdim edir. Azərbaycan Sənaye Sığorta Şirkəti müştəri məmnuniyyətini əsas prioritetlərindən biri kimi müəyyənləşdirərək etibarlı və keyfiyyətli xidmət göstərməyə xüsusi önəm verir.
“Batı Göz” klinikasının həkimləri görmə qabiliyyətinin həyat keyfiyyətinə təsiri, göz xəstəliklərinin əsas əlamətləri, rəqəmsal cihazlardan istifadənin göz sağlamlığına təsiri, göz yorğunluğunun qarşısının alınması və profilaktik müayinələrin vacibliyi barədə təqdimatla çıxış ediblər.
Tədbirin sonunda media nümayəndələri üçün göz müayinəsi keçirilib, iştirakçılara fərdi tövsiyələr verilib.
Azərbaycan Sənaye Sığorta Şirkəti sağlamlığın qorunmasına və cəmiyyətin rifahına yönələn təşəbbüsləri dəstəkləməklə sosial məsuliyyət prinsiplərinə sadiqliyini davam etdirir.





