Oktyabrın 12–13-də Mingəçevir Dövlət Universitetinin (MDU) “Elektrik və elektronika mühəndisliyi” və “Energetika mühəndisliyi” ixtisaslarında təhsil alan I və II kurs tələbələri “Azərbaycan İES” MMC-də istehsalat prosesi ilə yaxından tanış olublar.
“Tehsil365” xəbər verir ki, universitetin Energetika kafedrasının təşkilatçılığı ilə keçirilən ekskursiya tələbələrin nəzəri biliklərinin real istehsalat mühiti ilə əlaqələndirilməsi, müasir enerji texnologiyalarının öyrənilməsi və əmək bazarının tələblərinə uyğun praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyıb. Səfər ali təhsillə sənaye sektoru arasında əlaqələrin gücləndirilməsi, mühəndislik təhsilində praktiki hazırlığın genişləndirilməsi və gələcək mütəxəssislərin peşəkar inkişafına dəstək baxımından əhəmiyyət daşıyıb.
Ekskursiya zamanı tələbələr müəssisənin fəaliyyəti, elektrik enerjisinin istehsal mərhələləri, texnoloji proseslərin idarə olunması, müasir avadanlıqların iş prinsipləri və istehsalat təhlükəsizliyi qaydaları ilə tanış olublar. Müəssisənin mütəxəssisləri istehsalat proseslərinin təşkili, enerji sistemlərinin fəaliyyəti və mühəndislik həllərinin tətbiqi barədə tələbələrə ətraflı məlumat veriblər.
Görüş çərçivəsində enerji istehsalında səmərəliliyin artırılması, innovativ texnologiyaların tətbiqi, enerji resurslarından qənaətlə istifadə və istehsalatın ətraf mühitə təsirinin azaldılması məsələləri müzakirə olunub. Bu istiqamətdə aparılan fikir mübadiləsi tələbələrdə enerji təhlükəsizliyi, resurslardan məsuliyyətli istifadə və ekoloji baxımdan daha səmərəli istehsal yanaşmaları haqqında məlumatlılığın artırılmasına xidmət edib.
Universitet–sənaye əməkdaşlığının praktik nümunəsi olan ekskursiya tələbələrin ixtisasları üzrə biliklərinin dərinləşdirilməsi, istehsalat mühitində qarşılaşa biləcəkləri prosesləri daha yaxından mənimsəmələri və gələcək karyeralarına hazırlıqlarının gücləndirilməsi baxımından əhəmiyyətli olub. Tələbələri səfər zamanı ixtisas fənləri üzrə müəllimlər və müəssisənin təhlükəsizlik texnikası üzrə mütəxəssisi müşayiət ediblər.
Mingəçevir Dövlət Universiteti nəzəri təhsilin praktiki təcrübə ilə zənginləşdirilməsinə, sənaye müəssisələri ilə əməkdaşlığın genişləndirilməsinə və dayanıqlı inkişaf prinsiplərini nəzərə alan mühəndis kadrlarının hazırlanmasına xüsusi önəm verir. Bu cür təşəbbüslər tələbələrin peşəkar səriştələrinin inkişafına, innovativ düşüncə tərzinin formalaşmasına və enerji sektorunun gələcək çağırışlarına hazırlanmasına töhfə verir.
Ekskursiyanın təşkilinə və tələbələrin istehsalat prosesi ilə tanışlığına göstərilən dəstəyə görə Mingəçevir Dövlət Universitetinin və “Azərbaycan İES” MMC-nin rəhbərliklərinə təşəkkür bildirilib.

