“Yeniyetmələr arasında baş ağrıları, stress və yuxu problemləri son dövrlərdə diqqət yetirilməli vacib məsələlərdən biridir. Yeniyetməlik dövrü həm fiziki, həm də psixoloji dəyişikliklərin intensiv baş verdiyi mərhələdir. Bu səbəbdən həmin yaş dövründə sağlamlığa xüsusi diqqət yetirilməsi vacibdir”.
Bu sözləri “Tehsil365”ə açıqlamasında nevroloq Dr. Könül Hacıyeva deyib.
Həkim bildirib ki, dərs yükü, emosional gərginlik və telefondan uzun müddət istifadə baş ağrılarını artıra, diqqəti zəiflədə və yuxu keyfiyyətini poza bilər.
K.Hacıyevanın sözlərinə görə, xüsusilə yatmazdan əvvəl ekran qarşısında vaxt keçirmək yuxuya getməyi çətinləşdirə bilər.
“Nevroloq yeniyetmələrə düzgün yuxu rejiminə əməl etməyi, fiziki aktiv olmağı və ekranlardan istifadə zamanı müntəzəm fasilələr verməyi tövsiyə edib. O bildirib ki, ekran qarşısında hər 45 dəqiqədən bir 10–15 dəqiqə fasilə vermək məsləhətdir”.
Həkim qeyd edib ki, baş ağrıları tez-tez təkrarlanarsa və ya şiddətlənərsə, mütləq həkim-nevroloqa müraciət etmək lazımdır.
“Unutmayaq ki, sağlam yuxu və stressin düzgün idarə olunması yeniyetmələrin həm fiziki sağlamlığı, həm də sinir sisteminin normal fəaliyyəti üçün çox vacibdir”, – deyə K.Hacıyeva vurğulayıb.

