Oktyabrın 8-də Azərbaycan Dillər Universitetində Qazi Universitetinin yaradılmasının, Bakı Türkoloji Qurultayının 100 illiyi və ADU-nun 80 illiyinə həsr olunmuş IV Beynəlxalq Türk dili və ədəbiyyatının tədrisi simpoziumu keçirilib.
“Tehsil365”xəbər verir ki, Simpozium açılış paneli və altı bölmə üzrə elmi iclaslarla davam edib.
Açılış panelinə professor Bilgə Ərcilasun sədrlik edib. Paneldə ADU-nun professoru Həmidə Əliyeva “I Türkoloji Qurultaya aparan yol: ATTC-nin təşkilati missiyası”, İstanbul Universitetinin professoru Ərman Görən Homer və “Dədə Qorqud”da “Kissa” poetikası, professor İsmət Çətin isə türk dünyasında kollektiv yaddaş, qorxu və dil siyasəti mövzularında məruzələr ediblər.
Elmi iclaslar Əhməd Cavad, Bekir Sıtkı Çobanzadə, M. Fuad Köprülü, Əhməd Baytursun və Qazi Alim Yunusov adlı salonlarda təşkil olunub. Bölmələrə professor Kerimə Üstünova, Habibə Yazıçı Ersoy, Ayşə İlker, İradə Səmədova, Kaplan Üstünər, Bəxtiyar Aslan, Aygül Hacıyeva, Naciye Ata Yıldız, Yusuf Doğan, Ayşə Yücel Çətin, Danuta Xmielovska, Ülviyyə Rəhimova, Ömər Özkan, İdris Dəmirəl və Həsən Cuşa sədrlik ediblər.
İclaslarda türk dillərinin tədrisi, ortaq ədəbi-mədəni irs, I Bakı Türkoloji Qurultayının tarixi əhəmiyyəti, dil siyasəti, inklüziv təhsil və süni intellektin tədrisdə tətbiqi kimi mövzular müzakirə olunub.

