Milli Mədəniyyətin Təbliği İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1 avqust 2026-cı ildən “Şair Cavad Cavadlının ədəbi irsinin təbliği” layihəsini icra edir. Layihə çərçivəsində növbəti tədbir Naxçıvan Dövlət Universitetində keçirilib.
“Tehsil365”xəbər verir ki, Tədbirin aparıcısı, layihə rəhbəri Jalə Cəfərova Cavad Cavadlının həyat və yaradıcılıq yolundan, yaşadığı dövrün ictimai-siyasi mənzərəsindən danışıb, yaradıcılığında xalqın taleyi, tarixi yaddaş və milli həqiqətlərin mühüm yer tutduğunu qeyd edib.
NDU-nun rektoru Elbrus İsayev ədibin Azərbaycan həqiqətlərinin işıqlandırılmasındakı rolunu vurğulayıb, yaradıcılığının gənclərin milli ruhda tərbiyəsində əhəmiyyətini qeyd edib. O, Naxçıvanın görkəmli şəxsiyyətlər bəxş etdiyini və onların irsinin yaşadılmasının vacibliyini diqqətə çatdırıb.
NMR Yazıçılar Birliyinin sədri Asim Yadigar Cavad Cavadlının Naxçıvan ədəbi mühitinə dəstəyini xatırladıb, ailəsinin sürgün həyatının yaradıcılığındakı əksindən və “Cəhənnəmdən qaçmış uşaq” və “Sürgün” əsərlərinin əhəmiyyətindən danışıb.
Tədbirdə ədibə həsr olunmuş videoçarx nümayiş etdirilib, tələbələrin ifasında “Naxçıvan” şeiri səsləndirilib, musiqi nömrələri və Cavad Cavadlının həyatını əks etdirən səhnəcik təqdim olunub.

