Xəzər Universitetində 8 oktyabr 2026-cı ildə elmi-tədqiqat fəaliyyətinin inkişafı və beynəlxalq elmi informasiya resurslarından istifadəyə həsr olunmuş təlim təşkil edilib.
“Tehsil365”xəbər verir ki, Tədbir Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Clarivate şirkətinin birgə təşəbbüsü olan “Clarivate Günləri” proqramı çərçivəsində keçirilib.
Tədbiri giriş sözü ilə Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin direktoru Aytac Misgərli açaraq, belə təlimlərin universitetin elmi mühitinin inkişafı üçün əhəmiyyətini vurğulayıb. O, beynəlxalq elmi bazalardan səmərəli istifadənin tədqiqatların keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını qeyd edib.
Təlimdə Clarivate-in Azərbaycan üzrə rəsmi nümayəndəsi Xəyalə Hacıyeva və Müştəri məmnuniyyəti üzrə menecer Handan İliç çıxış edərək, Web of Science, ProQuest Central və Web of Science Research Intelligence platformalarının imkanları barədə məlumat veriblər. Təqdimatlarda elmi mənbələrin axtarışı, təhlili və süni intellekt əsaslı həllərin tətbiqi məsələlərinə toxunulub.
Təlimin məqsədi akademik heyət və tədqiqatçıların beynəlxalq elmi bazalardan istifadə bacarıqlarını inkişaf etdirmək və universitetin tədqiqat potensialını gücləndirmək olub.
Tədbir interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.

