Xəzər Universiteti İT Departamentinin rəhbəri, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Fərid Musayev VPN xidmətlərindən istifadə zamanı yarana biləcək kibertəhlükəsizlik riskləri barədə danışıb.
“Tehsil365”xəbər verir ki, VPN internet bağlantısını şifrələsə və IP ünvanını gizlətsə də, bu, bütün təhlükələrin aradan qalxması demək deyil. Xüsusilə etibarsız və pulsuz VPN-lər istifadəçilərin internet tarixçəsini və şəxsi məlumatlarını toplayaraq reklam şirkətlərinə ötürə bilər.
Onun sözlərinə görə, zəif qorunan saytlarda daxil edilən giriş məlumatları və bank kartı informasiyaları risk altındadır. DNS sızmaları isə ziyarət edilən saytlar barədə məlumatların provayderə və ya üçüncü tərəflərə açıqlanmasına səbəb ola bilər.
Ekspert etibarlı VPN provayderləri seçməyi, müstəqil auditlə təsdiqlənmiş “No-Logs” siyasətinə üstünlük verməyi və HTTPS bağlantısını yoxlamağı tövsiyə edib.

