“Ali təhsil müəssisəsində turizm və hotelçilik ixtisasları üzrə təhsil alan tələbələrin praktiki bilik və bacarıqlarının artırılması istiqamətində yeni əməkdaşlıq həyata keçiriləcək”.
“Tehsil365” xəbər verir ki, bu barədə UNEC-in rəsmi saytında məlumat verilib.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə TABIA Group MMC arasında əməkdaşlıq memorandumu imzalanıb. Əməkdaşlığın əsas məqsədi tələbələrin universitetdə qazandıqları nəzəri bilikləri turizm və hotelçilik sektorunun real tələbləri ilə əlaqələndirmək, onların peşəkar bacarıqlarını və məşğulluq imkanlarını artırmaqdır.
Memorandum çərçivəsində turizm ixtisasları üzrə tədris proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması və praktiki iş nümunələrinin dərslərə inteqrasiyası nəzərdə tutulur.
Bundan əlavə, UNEC Biznes Məktəbində “Turizm və otelçiliyin idarə edilməsi” ixtisaslaşması üzrə təhsil alan magistrantlar hotel və turizm müəssisələrinin idarə olunması sahəsində real iş təcrübəsi qazanacaq, peşəkar mentorluq dəstəyi əldə edəcəklər.
Əməkdaşlıq çərçivəsində tələbələr üçün praktiki təlimlər və ustad dərsləri təşkil olunacaq, şirkətdə təcrübə keçmək imkanları yaradılacaq. Eyni zamanda, UNEC-də müasir tələblərə uyğun korporativ auditoriyanın yaradılması planlaşdırılır.
Yeni auditoriyanın tələbələr üçün praktiki öyrənmə mühiti rolunu oynaması, turizm və hotelçilik sektorunun iş prinsiplərinin daha yaxından öyrənilməsinə şərait yaratması gözlənilir.
Memorandum turizm marketinqi, xidmət keyfiyyətinin yüksəldilməsi, insan resurslarının idarə olunması və rəqəmsal texnologiyaların tətbiqi sahələrində birgə layihə və tədqiqatların həyata keçirilməsini də əhatə edir.

