“Azərbaycan Universitetində tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsi və innovativ layihələrinin dəstəklənməsi istiqamətində görüş keçirilib”.
“Tehsil365” xəbər verir ki, bu barədə Azərbaycan Universitetinin rəsmi saytı məlumat yayıb.
Görüşdə universitetin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin Tələbə Elmi Cəmiyyətinin üzvləri ilə elmi işlər üzrə prorektor Yusif Qasımov bir araya gəlib.
Fakültənin dekanı Asif Paşayev tələbələrin yeni ideyalar irəli sürməsinin və elmi-texnoloji təşəbbüslərdə iştirakının əhəmiyyətini vurğulayıb. O, tələbələrin müəllifi olduqları layihələr və beynəlxalq ICPC proqramlaşdırma olimpiadalarında iştirak imkanları barədə danışıb.
Yusif Qasımov isə tələbələrin innovativ təşəbbüslərinin universitet rəhbərliyi tərəfindən dəstəkləndiyini bildirib. Onun sözlərinə görə, gənclərin yeni layihələrdə iştirakına və yaradıcı ideyalarını həyata keçirməsinə şərait yaradılacaq.
Görüş zamanı tələbələrin nəzəri biliklərini praktiki layihələrlə möhkəmləndirməsinin və müasir texnologiyalar sahəsində biliklərini inkişaf etdirməsinin vacibliyi də diqqətə çatdırılıb.
Tədbirin sonunda tələbələrin təklifləri dinlənilib, yeni təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə olunub. Həmçinin Tələbə Elmi Cəmiyyətinin idarə heyətinə yeni üzvlər seçilib.

