“Mingəçevir Dövlət Universitetinin tələbələri elektrik enerjisinin istehsalı və müasir enerji texnologiyalarının tətbiqi ilə yaxından tanış olublar”.
“Tehsil365” xəbər verir ki, bu barədə Mingəçevir Dövlət Universitetinin rəsmi saytında məlumat verilib.
Oktyabrın 12–13-də təşkil olunan səfər çərçivəsində Elektrik və elektronika mühəndisliyi, eləcə də Energetika mühəndisliyi ixtisaslarında təhsil alan I və II kurs tələbələri “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-də olublar.
Universitetin Energetika kafedrasının təşkilatçılığı ilə keçirilən ekskursiyanın məqsədi tələbələrin nəzəri biliklərini istehsalat mühiti ilə əlaqələndirmək, müasir enerji texnologiyaları barədə məlumatlarını genişləndirmək və praktiki bacarıqlarını inkişaf etdirmək olub.
Səfər zamanı tələbələr müəssisənin fəaliyyəti, elektrik enerjisinin istehsal mərhələləri, texnoloji proseslərin idarə olunması və müasir avadanlıqların iş prinsipləri ilə tanış olublar. Həmçinin istehsalatda təhlükəsizlik qaydaları barədə məlumat əldə ediblər.
Belə təşəbbüslər ali təhsil müəssisələri ilə sənaye sektoru arasında əməkdaşlığın gücləndirilməsi, tələbələrin peşəkar hazırlığının artırılması və gələcək əmək bazarına daha yaxşı hazırlanması baxımından əhəmiyyət daşıyır.

