“Azərbaycanda tanınmış süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb”.
“Tehsil365” xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi xəbərdarlıq yayıb.
Məlumata görə, ChatGPT, Gemini, Claude və digər süni intellekt xidmətlərinin adından saxta reklam portalları yaradılıb. Həmin saytlar istifadəçilərə reklam kampaniyalarını idarə etmək və biznes hesablarını müxtəlif xidmətlərə qoşmaq kimi imkanlar təklif edir.
Lakin bu portalların əsas məqsədi istifadəçilərin giriş məlumatlarını və birdəfəlik təsdiq kodlarını ələ keçirməkdir. Saxta səhifələr həqiqi giriş pəncərələrinə bənzədiyindən istifadəçilər aldadılaraq hesab məlumatlarını təqdim edə bilərlər.
Araşdırma zamanı kampaniyanın reklam hesablarını idarə edən şəxsləri, media alıcılarını və reklam agentliklərinin əməkdaşlarını hədəf aldığı müəyyən edilib. Belə hesabların ələ keçirilməsi maliyyə itkisinə və icazəsiz reklamların yayımlanmasına səbəb ola bilər.
Agentlik istifadəçilərə süni intellekt xidmətlərindən yalnız rəsmi saytlar vasitəsilə istifadə etməyi, brauzerin ünvan sətrini diqqətlə yoxlamağı və birdəfəlik təsdiq kodlarını heç kimlə paylaşmamağı tövsiyə edib.

