Keçmiş müstəntiq Müşfiq Abbasov hərbi xidmətdə saqqal saxlanılması qaydaları və məktəblərdə geyim tələblərinin hüquqi əsasları barədə danışıb.
“Tehsil365”Sonxeber.az -a istinadən xəbər verir ki, Müşfiq Abbasov dini ibadətlə məşğul olan şəxslərin hərbi xidmətə yollanarkən saqqal saxlamaq məsələsi ilə bağlı mövcud qaydalara əməl etməli olduqlarını bildirib.
O qeyd edib ki, hərbi qulluqçuların geyim forması və davranış qaydaları müvafiq əsasnamələrlə müəyyənləşdirilir. Abbasovun sözlərinə görə, hərbi xidmət zamanı şəxsi istəklər deyil, xidmətin tələbləri və müəyyən edilmiş qaydalar əsas götürülür.
Keçmiş müstəntiq məktəblərlə bağlı Nazirlər Kabinetinin qəbul etdiyi qərarın Konstitusiyaya zidd olması barədə fikirlərə də münasibət bildirib.
Onun fikrincə, Konstitusiyada təsbit olunan hüquq və azadlıqlar qanunvericilik çərçivəsində tənzimlənir. Abbasov vurğulayıb ki, vicdan və din azadlığının mövcudluğu hər kəsin istənilən şəraitdə öz seçiminə uyğun davranması anlamına gəlmir.
O, fikrini azadlıq və istirahət hüquqları ilə bağlı nümunələrlə izah edərək bildirib ki, hüquqların həyata keçirilməsi müvafiq qanun və qaydalarla müəyyənləşdirilən çərçivədə mümkündür.
Müşfiq Abbasov hesab edir ki, məktəblərlə bağlı qəbul edilən qərarı da bu hüquqi yanaşma kontekstində qiymətləndirmək lazımdır.

