Təhsil 365 - Logo Mobile

Psixoloq-psixoterapevt Mirsadiq Muxtarov: "İnsanın həyatından zövq alması üçün öz dəyərini başqalarının nailiyyətləri ilə ölçməməsi vacibdir"

11814.10.2026 - 11:52
Psixoloq-psixoterapevt Mirsadiq Muxtarov: "İnsanın həyatından zövq alması üçün öz dəyərini başqalarının nailiyyətləri ilə ölçməməsi vacibdir"

“Düşünürəm ki, insanın daxili rahatlığını qoruması üçün ən vacib vərdişlərdən biri özünə bələd olmaq, emosiyalarını anlamaq və hadisələrə sağlam münasibət göstərməyi bacarmaqdır”

Bu sözləri psixoloq-psixoterapevt Mirsadiq Muxtarov “Tehsil365”ə müsahibəsində bildirib.

Sizcə, insanın daxili rahatlığını qoruması üçün ən vacib vərdiş hansıdır?

Daxili rahatlıq heç bir problem yaşamamaq, daim xoşbəxt olmaq və ya mənfi emosiyalardan uzaq qalmaq demək deyil. Aydın məsələdir ki, hər bir insan həyatında stress, narahatlıq və məyusluqla qarşılaşır. Əsas məsələ bu hisslərin təsiri altında özümüzü itirməmək, yaranmış vəziyyətlə düzgün şəkildə baş etməyi öyrənməkdir. Psixoloji baxımdan insanın öz hisslərini tanıması və onları nəyin yaratdığını anlaması çox vacibdir. Bəzən insan gün ərzində yaşadığı gərginliyin səbəbini müəyyənləşdirə bilmir və bu narahatlıq onun davranışlarına, ailə münasibətlərinə, iş fəaliyyətinə həm yansıyır, həm də təsir göstərir. Hansı ki, insan özünə vaxt ayırıb nə hiss etdiyini və onu nəyin narahat etdiyini düşündükdə vəziyyətə daha aydın yanaşa bilir. Məsələn, əsəbiləşdiyimiz zaman dərhal reaksiya vermək əvəzinə bir qədər dayanmaq, sakitləşmək və sonra qərar vermək bir çox münaqişənin qarşısını ala bilir.

Digər mühüm məqam insanın özünə qarşı münasibətidir. Müasir dövrdə insanlar həm işdə, həm ailədə, həm də sosial həyatda hər şeyi düzgün etməyə, hamının gözləntilərini qarşılamağa çalışırlar. Bəzən isə öz ehtiyaclarını arxa plana keçirir, yorulduqlarını qəbul etmək istəmirlər. Özündən daim mükəmməllik gözləmək, səhvlərə görə özünü sərt tənqid etmək və başqalarını razı salmağa çalışmaq zamanla mental gərginliyi artıra bilər. İnsan anlamalıdır ki, səhv etmək, yorulmaq və bəzən köməyə ehtiyac duymaq həyatın təbii hissəsidir. Mental sağlamlığın qorunmasında gündəlik vərdişlər də mühüm rol oynayır. Keyfiyyətli yuxu, fiziki aktivlik, yaxın insanlarla ünsiyyət, istirahətə vaxt ayırmaq və gün ərzində müəyyən müddət özümüzlə baş-başa qalmaq emosional tarazlığımıza müsbət təsir göstərir. Eyni zamanda, insan bütün hadisələri idarə edə bilməyəcəyini qəbul etməlidir. Başqalarının düşüncələrinə və davranışlarına tam nəzarət etmək mümkün deyil. Buna baxmayaraq öz reaksiyalarımızı, seçimlərimizi və davranışlarımızı müəyyən qədər idarə edə bilərik. Bütün sadaladıqlarımızdan əlavə mən hesab edirəm ki, insanın özünə bələd olması və özünə qarşı anlayışlı olması da önəmli faktordur. İnsan hər şeyi mükəmməl etməyə çalışmaq əvəzinə, imkanlarını düzgün qiymətləndirməli və dəyişdirə bilmədiyi məsələlərə görə özünü həddindən artıq yormamalıdır.

Xoşbəxtlik insanın sahib olduqları ilə, yoxsa həyata münasibəti ilə bağlıdır?

Məncə, xoşbəxtlik həm insanın sahib olduqları, həm də həyata münasibəti ilə bağlıdır. İnsanların maddi imkanları, sağlamlığı, təhlükəsizliyi, ailə münasibətləri və sosial mühiti onların həyat məmnunluğuna birbaşa təsir göstərir. Əsas ehtiyaclarını qarşılamaqda çətinlik çəkən, özünü təhlükəsiz hiss etməyən insan üçün psixoloji rahatlığı qorumaq daha çətin ola bilər. Buna görə də xoşbəxtliyi yalnız insanın düşüncə tərzi ilə əlaqələndirmək düzgün olmazdı. Xarici şərait də insanın rifahında və sağlamlığında mühüm yer tutur. Bununla yanaşı, sahib olduqlarımızın çoxalması hər zaman xoşbəxtliyimizin eyni dərəcədə artması demək deyil. Bəzən insan uzun müddət arzuladığı bir məqsədə çatır, yeni ev alır, yaxşı vəzifəyə yüksəlir və ya maddi imkanlarını artırır. İlk vaxtlarda bu nailiyyətlər ona böyük sevinc gətirir, lakin müəyyən müddətdən sonra həmin vəziyyətə alışır və yeni istəklər yaranır. Psixologiyada bu hal hedonik adaptasiya adlanır. Yəni insan müsbət dəyişikliklərə zamanla uyğunlaşır və əvvəlki sevincinin təsiri getdikcə zəifləyə bilər.

Qeyd edilənlərdən əlavə, eyni şəraitdə yaşayan iki insan hadisələri fərqli qiymətləndirə bilər. Məsələn bir insan daim sahib olmadıqlarına diqqət yetirdiyi halda, digəri mövcud imkanlarını dəyərləndirməyi bacara bilər. Bu, problemlərə göz yummaq və ya hər şeyə müsbət yanaşmağa məcbur olmaq demək deyil. Əsas məsələ çətinlikləri real qiymətləndirməklə yanaşı, həyatımızdakı yaxşı məqamları da görə bilməkdir. İnsan öz dəyərlərini tanıdıqda və onu həqiqətən nələrin məmnun etdiyini anladıqda başqalarının gözləntilərinə uyğun yaşamaq ehtiyacı da azalır. Dediklərimi ümumiləşdirsəm, mənim fikrimcə, xoşbəxtlik nə yalnız maddi imkanlarla, nə də yalnız düşüncə tərzi ilə müəyyən olunur. Burada hər iki amil və insanın sosial münasibətləri, sağlamlığı, həyat məqsədləri mühüm rol oynayır. Əsas məsələ daha yaxşı həyat qurmaq üçün çalışarkən sahib olduqlarımızın da dəyərini bilməkdir.

Özünü başqaları ilə müqayisə etmək insanın həyatından aldığı zövqə necə təsir edir?

Özünü başqaları ilə müqayisə etmək insanın təbii psixoloji xüsusiyyətlərindən biridir. İnsan öz bacarıqlarını, uğurlarını qiymətləndirmək üçün ətrafındakı insanlara nəzər salır. Psixologiyada bu proses sosial müqayisə adlanır. Müəyyən hallarda belə müqayisə insanı inkişaf etməyə, yeni biliklər qazanmağa və qarşısına məqsədlər qoymağa həvəsləndirə bilər, ancaq müqayisə davamlı xarakter aldıqda və insan öz dəyərini başqalarının uğurları ilə ölçməyə başladıqda onun həyat məmnunluğuna mənfi təsir göstərə bilər. Məsələn, insan ətrafındakıların daha yaxşı işdə çalışdığını, daha çox qazandığını və ya daha rahat həyat sürdüyünü gördükdə öz həyatından narazı qalmağa başlaya bilər. Bu zaman o, öz nailiyyətlərini və əldə etdiyi uğurları qiymətləndirmək əvəzinə, diqqətini çatışmazlıqlarına yönəldir. Belə yanaşma zamanla özünəinamın azalmasına, insanın özünü başqalarından geri qalmış hesab etməsinə səbəb ola bilər. Halbuki hər kəsin həyat şəraiti, imkanları və inkişaf tempi fərqlidir. Müasir dövrdə sosial şəbəkələr də bu müqayisəni daha da gücləndirir. İnsanlar orada əsasən həyatlarının gözəl anlarını, uğurlarını, səyahətlərini və xoşbəxt görünən məqamlarını paylaşırlar. Bu paylaşımları izləyən insan isə bəzən başqalarının həyatının yalnız seçilmiş tərəflərini öz gündəlik həyatı ilə müqayisə edir. Nəticədə öz həyatını daha maraqsız, uğursuz və ya natamam hesab edə bilər. Hansı ki, sosial şəbəkələrdə gördüyümüz görüntülər bir insanın bütün həyatını əks etdirmir. Hər kəsin öz çətinlikləri, narahatlıqları və həll etməyə çalışdığı problemləri var.

Digər tərəfdən, başqaları ilə müqayisə etmək həmişə mənfi nəticə vermir. Əgər insan başqasının uğurunu öz uğursuzluğu kimi qəbul etmirsə, həmin şəxsin təcrübəsindən öyrənə və özünü inkişaf etdirmək üçün motivasiya əldə edə bilər. Burada əsas məsələ müqayisənin hansı məqsədlə aparılmasıdır. Bu baxımdan insanın özünü əvvəlki vəziyyəti ilə müqayisə etməsi daha sağlam yanaşmadır. Düşünürəm ki, insanın həyatından zövq alması üçün öz dəyərini başqalarının nailiyyətləri ilə ölçməməsi vacibdir. Başqasının uğur qazanması bizim uğursuz olduğumuz anlamına gəlmir. Hər kəsin öz həyat yolu və fərqli başlanğıc imkanları var. Ən rasional yanaşma başqaları ilə yarışmaq deyil, öz inkişafını izləmək və həyatını öz dəyərlərinə uyğun qurmaqdır.


Fatimə Hümbətova

Xəbər Lenti

BP-də çalışan məzunlardan seminar14.10.2026 - 18:45
UNEC-də ikili diplom proqramı14.10.2026 - 18:40
ADNSU-da seminar keçirildi14.10.2026 - 18:30
ADNSU Tələbələri Antalyada 14.10.2026 - 18:25
ADNSU-da yaşıl enerji təlimi14.10.2026 - 18:20
Anar Osmanlı Özbəkistanda 14.10.2026 - 18:10
Zaur Məmmədov: “Cənubi Qafqazın sabitlik adasına çevrilməsi üçün Azərbaycanın tələbləri yerinə yetirilməlidir”14.10.2026 - 18:06
YAP AzTU -da müşavirə təşkil edib14.10.2026 - 17:32
“ IV Beynəlxalq Quadrat” Nəsr Festivalında ölkəmizi yazıçı Ulucay Akif təmsil edəcək.14.10.2026 - 17:25
15 Oktyabr hava necə olacaq?14.10.2026 - 17:17
Azərbaycan kiberhücumların hədəfinə çevrilir14.10.2026 - 17:10
Əməkdar jurnalist vəfat etdi14.10.2026 - 17:05
Azərbaycan Beynəlxalq İnşaat Sərgisində İtaliyanın milli pavilyonu açılıb14.10.2026 - 14:59
Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq14.10.2026 - 14:54
Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib14.10.2026 - 14:52
Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert14.10.2026 - 14:47
Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır14.10.2026 - 14:36
QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır14.10.2026 - 14:33
Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər14.10.2026 - 14:30
Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib14.10.2026 - 14:28
9 nəfər Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq14.10.2026 - 14:25
“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir14.10.2026 - 14:19
Polimer Materialları İnstitutunun əməkdaşları SOCAR Karbamid zavodunda14.10.2026 - 14:17
ADNSU tələbələri istehsalat prosesini real mühitdə öyrəniblər14.10.2026 - 14:14
Məhkumlar üçün peşə təhsili standartları yenilənir14.10.2026 - 14:12
Kəlağayı Azərbaycanın milli kimliyinin simvoludur14.10.2026 - 14:10
“Gənclər kəlağayıdan daha çox istifadə etməlidir”14.10.2026 - 14:06
Ramil Əhmədin “Yeddi Kölgə” kitabının təqdimatı keçiriləcək14.10.2026 - 12:56
BSU-da “Dil və mədəniyyət” forumu keçirilib14.10.2026 - 12:27
"Minalardan azad dünya" adlı fotosərgi keçirilib14.10.2026 - 12:25
Qırmızı Xaç: Yəməndəki xəstəxanalar yaralı axınının öhdəsindən gələ bilmir14.10.2026 - 12:14
Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq14.10.2026 - 11:39
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı14.10.2026 - 11:36
2012-ci ilin rekordu yada düşdü14.10.2026 - 11:33
Hafiz Paşayev: ADA texniki ixtisaslara xüsusi diqqət yetirir14.10.2026 - 11:28
Məleykə Abbaszadə açıqlama yaydı - Məktəblərdən danışdı14.10.2026 - 11:21
Təmayül sinifləri repetitor xərcini azalda bilər14.10.2026 - 11:18
Kəlağayı naxışlarındakı sirr...14.10.2026 - 11:16
Dərs saatını universitet deyil, tələbə seçsin 14.10.2026 - 11:14
55 ölkədən 100 nəfər Azərbaycanda təhsil qrantı qazandı14.10.2026 - 11:12
Metro bu gün gücləndirilmiş rejimdə çalışacaq14.10.2026 - 11:09
YAP-ın yeni İdarə Heyəti toplaşır 14.10.2026 - 11:07
“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz” - Röya Ayxan14.10.2026 - 11:05
Azərbaycan və Kamboca parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub14.10.2026 - 10:21
Thonqlun Sisulit "ASAN xidmət" mərkəzibdə olub14.10.2026 - 09:58
Sergey Lavrov Bakıda AQEM sammitində iştirak edəcək14.10.2026 - 09:52
Sabahın hava proqnozu açıqlanıb14.10.2026 - 09:49