Ölkədə hərbi əməliyyatların aktivləşməsi fonunda yaralıların sayının kəskin artması səbəbindən Yəmən xəstəxanaları ciddi çətinliklər yaşayır. Bəzi tibb müəssisələrində bir həftə ərzində daxil olan zərərçəkənlərin sayı 700 nəfəri ötüb.
“Tehsil365” Report -a istinadən xəbər verir ki, cəbhəboyu ərazilərdə, o cümlədən Mərib, Taiz və Qırmızı dəniz sahilindəki xəstəxanalarda misli görünməmiş yaralı axını qeydə alınıb.
"Ağır xəsarət alanlara yardım göstərən tibb işçilərinin üzərinə böyük yük düşür", - BQXK-nın səhiyyə məsələləri üzrə koordinatoru Firas Əbu Samra bildirib.
O qeyd edib ki, Yəməndə fəaliyyət göstərən tibb müəssisələrinin yalnız kiçik bir hissəsi ağır xəsarət alan xəstələrə tam yardım göstərmək iqtidarındadır. Bununla yanaşı, xəstəxanalar cərrahi ləvazimatlar, anesteziya vasitələri, oksigen və dərman preparatlarının çatışmazlığı ilə üzləşirlər.
BQXK-dan bildirilib ki, hərbi əməliyyatlar güclənəcəyi təqdirdə ölkənin səhiyyə sistemi zərərçəkənlərin sayının daha da artmasının öhdəsindən gəlməyə bilər.
Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatının (BMT) məlumatına görə, son həftələrdə husilər ilə Yəmənin hökumət qüvvələri arasında yenidən başlanan toqquşmalar nəticəsində 200 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

