Azərbaycanlı şair, yazıçı, ədəbiyyat tədqiqatçısı və ADA Universitetinin Professoru Ramil Əhmədin yeni nəşr olunan “Yeddi Kölgə” adlı kitabının təqdimatı oktyabrın 17-si şənbə günü saat 16:00-da “Libraff” kitab mağazasının Elmlər filialında keçiriləcək.
“Tehsil365” xəbər verir ki, Kitab Azərbaycan kinosunun yeddi filminin qadın obrazlarına həsr olunmuş yeddi şeirdən ibarətdir. “Yeddi oğul istərəm”, “Bir cənub şəhərində”, “Dəli Kür”, “Sahilsiz gecə”, “Özgə vaxt”, “Günaydın, mələyim” və “Nabat” filmlərindəki qadın obrazları müəllif tərəfindən poetik dildə yenidən təqdim olunur.
Ramil Əhməd Bakı Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr təhsili alıb, Türkiyənin Memar Sinan Gözəl Sənətlər Universitetində yeni türk ədəbiyyatı ixtisası üzrə magistratura təhsili keçib. O, həmçinin İstanbul Universitetinin Türk dili və ədəbiyyatı fakültəsində doktorantura təhsili alıb. Hazırda ADA Universitetində ədəbiyyat professoru kimi fəaliyyət göstərir.
2013-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan müəllif həmin il Azərbaycan Respublikası Prezidentinin gənc yazarlar üçün təsis etdiyi təqaüdə layiq görülüb. O, 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Gənclər üçün Prezident Mükafatı ilə təltif edilib. Ramil Əhməd, həmçinin 2015-ci ildə Gənclər və İdman Nazirliyinin Gənclər Mükafatına layiq görülüb.
Müəllifin yaradıcılığına “Zaman Tuneli”, “Qırmızı”, “İki şəhərin yazıları”, “Orxan Pamukun evində” və “Abşeron yarımadamı” kimi kitablar daxildir. Onun şeirləri, esseləri, tərcümələri və elmi məqalələri Azərbaycan və Türkiyənin müxtəlif ədəbi nəşrlərində dərc olunub. Ədəbiyyat və tərcümə sahəsində beynəlxalq layihələrdə iştirak edən Ramil Əhməd müxtəlif elmi konfranslarda da Azərbaycan ədəbiyyatını təmsil edib.
“Yeddi Kölgə” kitabının təqdimatının oxucularla müəllif arasında görüş və yeni nəşrin müzakirəsi üçün imkan yaradacağı gözlənilir.

