Buxarada keçirilən “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində şəhərin tarixi məkanlarından biri olan Kukeldaş mədrəsəsində Azərbaycan və Özbəkistan musiqiçilərinin iştirakı ilə konsert proqramı təşkil olunub.
“Tehsil365” “AZƏRTAC”a istinadən xəbər verir ki, bu barədə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Özbəkistan Buxara Vilayəti Hakimliyi və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Buxara vilayətinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, yerli sakinlər və şəhərin qonaqları iştirak ediblər.
Tədbirdə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ölkə prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin rəhbərliyi ilə Azərbaycan və Özbəkistan arasında dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini qeyd edib. O, dövlət başçılarının mədəni-humanitar əməkdaşlığın genişləndirilməsinə göstərdikləri xüsusi diqqət və dəstəyin birgə mədəni layihələrin həyata keçirilməsinə geniş imkanlar yaratdığını vurğulayıb. Akif Marifli “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində keçirilən tədbirlərin təşkilinə və həyata keçirilməsinə göstərilən dəstəyə görə Buxara Vilayəti Hakimliyinə, Buxara Şəhər Hakimliyinə, Buxara Dövlət Universitetinə və Özbəkistan Dövlət Filarmoniyasının Buxara vilayəti bölməsinə təşəkkürünü bildirib. O, Azərbaycan mədəniyyətinin Özbəkistanda tanıdılması və təbliğinə yönəlmiş layihələrin bundan sonra da genişləndirilərək ölkənin digər regionlarında davam etdiriləcəyini qeyd edib.
Buxara vilayət hakiminin müavini Botirjon Şaxriyorov çıxışında Azərbaycan və Özbəkistan arasında ortaq tarixi köklərə, zəngin mədəni irsə və milli-mənəvi dəyərlərə əsaslanan çoxəsrlik dostluq və qardaşlıq münasibətlərindən bəhs edib. O, Buxarada Azərbaycan mədəniyyətinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsinin xalqlarımız arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayaraq, bu cür layihələrin qarşılıqlı mədəni tanıtım və əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Rəsmi çıxışlardan sonra Azərbaycan və Özbəkistan musiqiçilərinin iştirakı ilə zəngin konsert proqramı təqdim olunub. Proqramda iki qardaş xalqın zəngin musiqi irsini, milli-mədəni dəyərlərini və sənət ənənələrini əks etdirən müxtəlif musiqi əsərləri səsləndirilib.
Konsert proqramı Azərbaycan və Özbəkistan xalqları arasında çoxəsrlik dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə, zəngin musiqi irsinin qarşılıqlı təbliğinə və iki ölkə arasında mədəni-humanitar əməkdaşlığın daha da inkişafına mühüm töhfə verib.

