Oktyabrın 24-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Klod Man¬yenin “Oskar” pyesi əsasında, Xanım Aydının səhnələşdirməsində hazırlanmış “Pullu komediya” tamaşasının premyerası keçiriləcək.
“Tehsil365” xəbər verir ki, teatrdan “AZƏRTAC”a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Azər Hacıəsgərli, xoreoqrafı Emil Əzizov, rejissor assistenti isə Nəsibə Canəliyevadır.
Tamaşada Əməkdar artistlər Kəmalə Müzəffər, Mehriban Abdullayeva və Nəsibə Eldarova, həmçinin aktyorlar Anar Seyfullayev, Mətləb Abuşov, Nurlan Süleymanlı, Elşən Hacıbabayev, Müşfiq Əliyev, Könül Əbilova, Aygün Fətullayeva, Aydan Həsənzadə, Zümrüd Quliyeva, Fəridə Qurbanova, Mehriban Hüseynova, Sənan Kazım, İlhan Sadıqov və Venera Abbasova iştirak edirlər.
Hadisələr Bakıda sabun fabriki sahibinin ətrafında cərəyan edir. Dinamik süjet xətti və bir-birini əvəz edən komik situasiyalar tamaşaçılara xoş anlar yaşadır. Evlənmək və varlanmaq arzusunda olan Mənfəətin qarşılaşdığı gözlənilməz hadisələr təkcə onun deyil, digər qəhrəmanların da gülünc vəziyyətə düşməsinə səbəb olur. Bütün qarışıqlıqlara baxmayaraq, sonda məhəbbət qalib gəlir.

